SƏNAYE

16 Fevral

Azərbaycanda faydalı qazıntı yataqları hərrac qaydasında istifadəyə verilir-İLK DƏFƏ 

Ağcabədi, Beyləqan, Goranboy, Göygöl, Qazax, Tovuz rayonlarında yerləşən yataqların hərrac qaydasında istifadəyə verilməsi nəzərdə tutulur.

Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayımlayıb 

Məlumata görə İlk dəfə olaraq faydalı qazıntı yataqları hərrac qaydasında istifadəyə veriləcək. Bununla bağlı İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi arasında razılaşma əldə olunub. Məqsəd bölgələrdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadi mühitin genişləndirilməsi, təbii resursların səmərəli istifadəsi və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasıdır.

Qeyd edilməlidir ki, ilkin olaraq Ağcabədi, Beyləqan, Goranboy, Göygöl, Qazax, Tovuz rayonlarında yerləşən yataqların hərrac qaydasında istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə mövcud olan faydalı qazıntı yataqları yenidən qiymətləndirildikdən sonra həmin yataqların da qanunvericiliyə əsasən hərrac vasitəsilə istismara verilməsi planlaşdırılır.

Hərracın şərtləri, istifadəyə veriləcək faydalı qazıntı yataqları barədə ətraflı məlumat əvvəlcədən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) və Özəlləşdirmə portalında (privatization.az) yerləşdiriləcək.