SƏNAYE

16 Fevral

Qazprom 2021-ci ildə təchizatda "müəyyən dalğalanmalar" yarana bilər

Rusiya qazının İtaliyaya, "Qazprom"un Almaniyadan sonra ikinci ixrac bazarına yeni təchizatçı olan Azərbaycanın çıxması ilə əlaqədar 2021-ci ildə təchizatda "müəyyən dalğalanmalar" yarana bilər.

TANAP boru kəməri vasitəsilə Azərbaycandan kommersiya qazının Türkiyənin qərb hissəsinə nəqlinə 2018-ci ilin III rübündə başlanılıb. Gələcəkdə qazın 10 milyard kubmetr gücə malik Trans-Adriatik boru kəməri (TAP) ilə Yunanıstan, Albaniya və İtaliyaya nəqli üçün 2020-ci ilin III rübündə TANAP-ın layihə gücü ildə 16 milyard kubmetrə çatdırılıb. Azərbaycandan İtaliyaya qaz təchizatını nəzərdə tutan Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də ilk kommersiya nəqlinə başlayıb.

"TAP 2021-ci ilin I-II rüblərində Yunanıstan və İtaliya sərhədində illik 8 milyard kubmetr həcmində layihə gücünə çıxdıqdan sonra bu, bazarın boru kəməri qazının yeni mənbəyinə uyğunlaşması dövründə digər təchizatçıların İtaliyaya tədarük həcmlərində müəyyən dalğalanmalara səbəb ola bilər", - deyə “İnterfaks-Azərbaycan” agentliyi “Qazprom”un rüblük hesabatına istindən xəbər verir.

İtaliyanın “Snam” qaz nəqliyyat operatorunun məlumatına görə, TAP qaz kəməri ilə İtaliyaya qaz nəqlinə 30 dekabr 2020-ci ildə başlanılıb, nəql həcmi sutkada 10 milyon kubmetrə qədərdir. Əgər dekabr ayında Avstriya vasitəsilə (fiziki olaraq yalnız Rusiya qazı) İtaliya sutkada 82 milyon kubmetr qaz alırdısa, yanvar ayında bu rəqəm sutkada 92 milyon kubmetr təşkil edib, fevralda isə nəqlin gündəlik həcmi 52 milyon kubmetrə qədər azalıb (14 günə dair məlumatlar), halbuki bir il əvvəl bu göstərici sutkada 58 milyon kubmetrə bərabər olub.