SƏNAYE

16 Fevral

Beynəlxalq Agentlik: Neft ehtiyatları Azərbaycana 25 il bəs edəcək

Ötən ilin əvvəlində təbii neft hasilatının səviyyəsini nəzərə alaraq, Azərbaycanın neft ehtiyatları ölkəyə hələ 25 ilə yaxın bəs edəcək.

Bu, "Fitch Ratings" və BP-nin birgə apardığı hesablamalar nəticəsində məlum olub.

Beynəlxalq agentlik bildirir ki, bu göstəriciyə görə, Azərbaycan dünyada 11-ci yerdə qərarlaşıb. Sözügedən göstərici üzrə ilk üçlüyə Küveyt, İraq və Kanada daxildir.

"Fitch"ə görə, 2019-cu ildə ölkənin neft-qaz ehtiyatlarının həcmi qlobal ehtiyatların 0,8%-ni təşkil edib.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda 37,5 mln. ton, 2020-ci ildə isə 34,6 mln. ton neft istehsal edilib.

Təbii qaz ehtiyatları 120 il bəs edəcək

2020-ci ilin əvvəlində təbii qaz hasilatının səviyyəsini nəzərə alaraq, Azərbaycanın təbii qaz ehtiyatları ölkəyə hələ 120 ilə yaxın bəs edəcək.

Beynəlxalq agentlik bildirir ki, bu göstəriciyə görə, Azərbaycan dünya lider ölkələrdən biridir və yalnız Qətərdən geri qalır. "Fitch"ə görə, 2019-cu ildə ölkənin qaz ehtiyatlarının həcmi qlobal ehtiyatların 0,8%-ni təşkil edib. Hasilatı nəzərə alaraq, Qazaxıstan da qaz ehtiyatlarına görə Azərbaycanla təxminən eyni səviyyədədir.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda 37,14 mlrd. kubmetr, 2020-ci ildə isə 35,6 mlrd. kubmetr qaz istehsal edilib.

© apa