SƏNAYE

15 Fevral

Anar Məmmədov: Zavodumuzun xam neft emalı həcmini 10,5 milyon tona qaldırdıq

2020-ci ilin ikinci yarısından etibarən 100%-dən artıq istehsal gücü ilə çalışaraq zavodumuzun xam neft emalı həcmini 10,5 milyon tona qaldırdıq.

Fins.az xəbər verir ki, bunu “SOCAR Türkiyə”nin Emal və Neft-Kimya  bölməsinin rəhbəri Anar Məmmədov STAR NEZ-in yüksək göstəricilərini şərh edərkən demişdir: “Petkimin xammalı olan naftanın tədarükü ilə yanaşı daxili bazarda həyata keçirdiyimiz satışlarla Türkiyənin cari kəsirinin azalmasına mühüm töhfə verdik. STAR NEZ-də sahib olduğumuz qabaqcıl texnologiya, Petkimlə inteqrasiya, əlverişli rəqəmsal transformasiya modelimiz, səmərəli istehsal planı və optimallaşdırma prosesləri bu uğuru qazanmağımız üçün şərait yaratdı. Pandemiya səbəbindən təyyarə yanacağına tələbatın azalmasını nəzərə alaraq,  potensialımızı sürətlə dizel yanacağına yönəldib fasiləsiz istehsala davam edə bildik. Xüsusilə, 2020-ci ilin ikinci yarısından etibarən 100%-dən artıq istehsal gücü ilə çalışaraq zavodumuzun xam neft emalı həcmini 10,5 milyon tona qaldırdıq. Bizə qürur verən bu yüksək göstəricilərə görə hər biri öz sahəsində məsuliyyətlə çalışan bütün həmkarlarıma təşəkkür edirəm.”