"AzerGold" QSC bu ilin avqust ayında "Daşkəsən" dəmir filizi yatağı üzrə ilkin qiymətləndirmə sənədini hazırlayacaq.
Fins.az-ın məlumatına görə, bunu "AzerGold"un İdarə Heyətinin sədri Zakir İbrahimov 2020-ci ilin yekunlarına dair mətbuat konfransında çıxış edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin 6 avqust 2020-ci il tarixli Sərəncamı ilə regionun ən nəhəng dəmir filizi yatağı olan "Daşkəsən" dəmir filizi yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması Cəmiyyətə tapşırılıb. Bu istiqamətdə hesabat dövrü ərzində kompleks geoloji tədqiqatların beynəlxalq standartlara uyğun aparılmasının təmin edilməsi, həmçinin ilkin iqtisadi qiymətləndirmə sənədinin hazırlanması, bazar araşdırılması, mədən planlarının hazırlanması, yataq üzrə filizlərin hasilat metodunun müəyyən edilməsi, iqtisadi göstəricilərin hesablanması istiqamətində müvafiq işlər görülüb.
"“Daşkəsən” dəmir filizi yatağı üzrə 7 830 metr buruq-qazma işləri icra edilmiş və hazırda da proses davam etdirilir. Qeyd edim ki, yataq üzrə İlkin qiymətləndirmə sənədinin cari ilin avqust ayında hazırlanması nəzərdə tutulur", - Z. İbrahimov qeyd edib.
O əlavə edib ki, bu sənəd çərçivəsində yataq üzrə 2021-ci ildə geoloji tədqiqatların davam etdirilməsi və metallurji işlərin aparılması planlaşdırılır. Qeyd edilən fəaliyyətin yekunlarına əsasən filizlərin bir qisminin daha sürətli şəkildə hasilata verilməsi potensialı qiymətləndiriləcək.
(c)APA