SƏNAYE

22 Yanvar

“Anglo Asian Mining” Qarabağda qiymətləndirmə işləri aparacaq

Azərbaycan Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti (AAM - Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator) ilə Hasilatın Pay Bölgüsü haqqında saziş (HPBS) çərçivəsində üç lisenziyalı sahə üzrə geoloji məlumatların toplanmasına başlayıb.

Fins.az xəbər verir ki, Qarabağ müharibəsi nəticəsində əvvəllər erməni işğalı altında olan üç müqavilə sahəsi faktiki olaraq "Anglo Asian Mining" şirkətinə qaytarılır. Söhbət Kəlbəcər rayonundakı Söyüdlü, Ağdərə rayonundakı Qızılbulaq, Zəngilan rayonundakı Vejnəli sahələrindən gedir. Hər üç sahədə böyük həcmdə qızıl və mis-qızıl ehtiyatları var. AAM Azərbaycan hökumətindən həmin sahələr üzrə geoloji kəşfiyyat məlumatlarını istəyib və hazırda Azərbaycan tərəfi bu məlumatların toplanmasına başlayıb

AAM-ın məlumatına görə, şirkət Azərbaycan hökuməti tərəfindən sözügedən müqavilə sahələrinə girişə icazə verildikdən sonra onların potensialını tam qiymətləndirməyi planlaşdırır.

“"Anglo Asian Mining” Azərbaycan hökuməti ilə birgə mövcud müqavilə çərçivəsində bu üç müqavilə sahəsində fəaliyyət göstərəcək. Bu sahələr üzrə ilkin qiymətləndirmə olduqca ümidvericidir. Yüksək səviyyəli geoloji kəşfiyyat işlərinin planlaşdırılması icra mərhələsindədir", - deyə məlumatda qeyd olunur.

Şirkət qeyd edir ki, müqavilə sahələrinə giriş barədə bildiriş alındıqdan sonra bu yataqlarla bağlı Hasilatın Pay Bölgüsü haqqında sazişin müddəti sıfırlanacaq. Beləliklə, şirkət beş il ərzində müqavilə ərazilərində tədqiqat aparmaq, daha sonra iki dəfə 5 il uzadılma mümkünlüyü ilə 15 il ərzində hasilat aparmaq hüququ əldə edəcək.

"Söyüdlü və Vejnəli müqavilə sahələri Azərbaycanın nəzarəti altında, Qızılbulaq lisenziyalı sahəsi isə Rusiya sülhməramlılarının Dağlıq Qarabağda nəzarət etdikləri ərazidədir. Erməni işğalı zamanı hər üç müqavilə ərazisində faydalı qazıntıların qanunsuz hasilatı aparılıb. AMM bu mineral ehtiyatların işlənməsi ilə bağlı HPBS üzrə qanuni hüquqlarını həyata keçirməyi planlaşdırır. Lakin şirkət ATƏT və ya analoji beynəlxalq təşkilatdan əvvəllər işğal olunmuş ərazilərin azad edilməsinin tanınması barədə bildiriş aldıqdan sonra yataqların işlənməsinə başlayacaq", - deyə məlumatda bildirilir.

Söyüdlü müqavilə ərazisində Qafqaz regionunda ən iri qızıl-gümüş yatağı olan Zod yatağı yerləşir. Mədən Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəddə yerləşir və qiymətləndirmələrə görə, mədənin 75%-i Azərbaycan ərazisindədir. Zod mədəni erməni işğalı zamanı “GeoProMining Gold” şirkəti (Rusiyanın “GeoProMining Investment” şirkətinin törəməsi) tərəfindən istismar edilib. Hazırda mədənin Azərbaycan ərazisində yerləşən hissəsində mədən işləri aparılmır.

Qızılbulaq müqavilə ərazisində Kaşen yatağı yerləşir. Yataq açıq üsulla işlənilib, 2016-cı ildə Ermənistanın "Valleks Qrup" şirkəti burada qanunsuz olaraq filiz emalı zavodu açıb. Zavoda $130 milyon sərmayə yatırılıb. Son qiymətləndirmələrə görə, yataqda 275 min ton mis və 3,2 min ton molibden ehtiyatı var. Hazırda zavod işləmir", - deyə AAM vurğulayır.

Erməni işğalı zamanı Vejnəli müqavilə sahəsində də qanunsuz hasilat aparılsa da, hazırda bu proses dayandırılıb. “Hazırda bu sahənin kəşfiyyat və gələcək hasilat potensialı məlum deyil. Onun ehtiyatları və infrastrukturu qiymətləndiriləcək", - deyə məlumatda bildirilir.

Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metallar hasil edir. “Gədəbəy” müqavilə sahəsində qızıl, gümüş və mis hasilatı üç mədəndən: iki açıq mədəndən (“Gədəbəy” və “Uğur”) və bir yeraltı mədəndən (“Qədir”) həyata keçirilir.

Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.

Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl və 2,5 min ton gümüş hasilatı planlaşdırılır.

“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin, 2015-ci ilin yayında “Qədir” yatağının, 2017-ci ilin sentyabr ayında isə “Uğur” yatağının işlənməsinə başlayıb.

Müəllif:Aynur Qəniyeva