SƏNAYE

07 Yanvar

 SOCAR-ın qrant layihəsi çərçivəsində "k-means" alqoritmi hazırlanıb

Bakı, 7 Yanvar Fins.az 

 

AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən SOCAR-ın qrant layihəsi çərçivəsində böyük həcmli verilənlərin klasterləşdirilməsi üçün effektiv alqoritm (k-means alqoritmi) işlənilib.

İnstitutdan fins.az-a verilən məlumata görə, təklif olunan alqoritm kompüterlərin yaddaş və hesablama resursları çərçivəsində böyük həcmli verilənləri analiz etmək imkanına malikdir. Bu alqoritm kompüterin yaddaş və hesablama resurslarını nəzərə alaraq ilkin böyük həcmli verilənləri paketlərə bölür, sonra paketləri k-means alqoritminin köməyi ilə paralel olaraq klasterləşdirir. Paralel emaldan sonra alınan nəticələr birlikdə yenidən klasterləşdirilir. Son mərhələdə alınan klaster mərkəzləri bütün verilənlər dəstinin klaster mərkəzləri kimi qəbul edilir və daha sonra ilkin verilənlər bu mərkəzlərə nəzərən qruplaşdırılır.

Aparılan eksperimentlər göstərib ki, təklif olunan alqorirtm k-means alqoritminə nəzərən dəfələrlə sürətli işləyir. Məqsəd funksiyasının qiymətinə görə isə o, bəzi hallarda k-means alqoritminə bir neçə faiz uduzur. Analiz göstərmişdir ki, bu çatışmazlığı aradan qaldırmaq imkanları var və o, gələcək tədqiqatlarda araşdırılacaq.

Nəticələrin statistik analizi isə göstərib ki, təklif olunan alqoritm kifayət qədər stabil işləyir, hətta əksər hallarda k-means alqoritmindən daha yaxşı nəticə nümayiş etdirir.