Bu il qlobal qaz tələbatı rekord səviyyədə – 3% azalacağı gözlənilir. Bu, ötən əsrin 30-cu illərindən bəri ən kəskin azalma ola bilər.
Fins.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) "World Energy Outlook" (WEO) uzunmüddətli illik proqnozunda deyilir.
Bildirilir ki, tələbat 2030-cu ilədək tam bərpa olacağı və həmin ildə onun 2019-cu illə müqayisədə 15% artaraq 4,6 trln. kubmetr təşkil edəcəyi gözlənilir. Tələbatın artımı ilk növbədə, inkişafda olan bazar və ölkələr tərəfindən idarə ediləcək, inkişaf etmiş bazarlarda isə tələbatın ümumiyyətlə statik olacağı güman edilir.
IEA-yə görə, növbəti 10 il ərzində ümumi qaz tələbatının artımının təxminən 45%-i Çin və Hindistanın payına düşəcək. Bundan əlavə, yenilənən enerji mənbələrinə keçidi gerçəkləşdirən Avropadan fərqli olaraq, Yaxın Şərqdə və Cənub-Şərqi Asiyada tələbat davamlı şəkildə artacaq. Belə ki, Avropada qaz tələbatının 2030-cu ildə ötən illə müqayisədə 8% az olacağı proqnozlaşdırılır.
Hesabatda həmçinin qeyd edilir ki, qaz sektoru COVID-19 pandemiyasının təsirlərinə neft və kömürlə müqayisədə daha dayanıqlı olub.