SƏNAYE

07 Oktyabr

SOCAR: Ermənistan BTC-ni hədəf almaqla Aİ-nin də enerji təhlükəsizliyinə qarşı ciddi təhlükələr yaradır

Ermənistanın silahlı qüvvələri tərəfindən Yevlax rayonu ərazisində Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərini hədəf alan raket zərbələrinin qarşısı alınıb.

SOCAR-dan  bildirilib ki, BTC ixrac boru kəməri hazırda əvvəlki kimi öz fəaliyyətini davam etdirir:

"BTC boru kəmərinin paydaşları arasında dünyanın müxtəlif aparıcı enerji şirkətləri yer almaqdadır. Azərbaycanın neft-qaz infrastrukturunu hədəfə almaqla Ermənistan təkcə bizim ölkənin deyil, Avropa İttifaqının (Aİ) da enerji təhlükəsizliyinə qarşı ciddi təhlükələr yaradır. Bu təhdid yeni deyil, sonuncu dəfə cari ilin İyul ayında Tovuz rayonunda Ermənistan silahlı qüvvələrinin hücumu beynəlxalq əhəmiyyətli neft-qaz infrastrukturumuzu birbaşa təhlükə altına qoymuşdu".

SOCAR-dan bildirilib ki, Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarının Ermənistanın uzunmüddətli işğalı altında olması beynəlxalq neft və qaz boru kəmərləri üçün daimi təhdid və təhlükə mənbəyidir:

"Azərbaycanın Milli Ordusu hazırda Ermənistanın hücumlarını dəf etməklə, bu infrastrukturun təhlükəsizliyini təmin edən əsas faktordur. Azərbaycan Ordusunun hazırkı əks-həmlə əməliyyatı işğal altında olan əraziləri tam azad etməklə Ermənistanın təhdidlərini tam aradan qaldıra biləcək yeganə faktor kimi görünür. Bu isə boru kəmərlərimizin davamlı təhlükəsizliyini də təmin edəcək".

(c)trend