SƏNAYE

14 Yanvar

Yunəyrici-Boyaq Fabrikində tikinti işləri başa çatdırılıb

2019-cu ildə Xalça fabriklərinin xammalla təmin edilməsi məqsədilə görülən işlər də davam etdirilib. Sumqayıt Kimya Sənaye Parkında inşa edilən Yunəyrici-Boyaq Fabrikində tikinti işləri başa çatdırılıb.

 

“Azərxalça” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, hazırda fabrikdə Türkiyə, Almaniya, Fransa, Çin, İsveçrə və İtaliya istehsalı olan avadanlıqlar quraşdırılır. Bu müəssisədə ildə 1500 ton yun emal ediləcək. Fabrikin iplik istehsalı gücü birnövbəli iş rejimində ildə 250 tondur. Fabrikdə istehsal olunacaq iplik nəinki daxili tələbatı ödəyəcək, eyni zamanda ixrac imkanı da yaradacaqdır. Burada istehsal ediləcək təmiz yun isə xammal kimi satışa çıxarılacaqdır. Bu istiqamətdə araşdırmalar aparılıb, hansı ölkələrdə belə xammala tələbatın olduğu müəyyənləşdirilib.

 

Fabrikin xammalla təmin olunması məqsədilə isə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında yaradılan regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrində ötən ilin may ayından yun qəbuluna başlanılıb. İndiyədək 298 ton yun tədarük olunub.

 

Bu il boyaq bitkilərinin də tədarükünə başlanılacaq. Ona görə də ötən il bölgələrdə əhali ilə görüşlər keçirilib, boyaq bitkilərinin təbiətə zərər vurmadan necə toplanması əyani şəkildə əhaliyə izah edilib.