SƏNAYE

10 Yanvar

2019-cu ildə AÇG blokunda orta gündəlik neft hasilatı azalıb

2019-cu ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda orta gündəlik neft hasilatı 535 min barrel təşkil edib. Bu barədə BP-Azerbaijan şirkətindən məlumat verilir.

Xəbər verildiyi kimi, 2018-ci ildə AÇG blokunda orta gündəlik neft hasilatı 584 min barrel təşkil edib. Beləliklə, 2019-cu ildə bu göstərici 8,4% azalıb.

“2019-cu ildə AÇG blokunda orta gündəlik neft hasilatı 535 min barrel təşkil edib. 2019-cu il dekabrın 26-da bu müqavilə sahəsindən ümumi neft hasilatı 500 milyon tona çatıb. O cümlədən, işlənilməsinə başlandığı 1997-ci il noyabr ayından etibarən bütün dövr ərzində ümumilikdə 45 milyard kubmetrdən çox səmt qazı hasil olunub”, - məlumatda qeyd edilir.

2019-cu ildə neft hasilatının azalması ötən il “Mərkəzi Azəri” (apreldə) və “Qərbi Azəri” (oktyabrda) hasilat platformalarında profilaktik işlərin aparılması məqsədilə iki həftə müddətinə plana uyğun hasilatın dayandırılması ilə əlaqədardır.

BP-Azerbaijan şirkətinin məlumatına əsasən, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsinə ümumi sərmayə qoyuluşunun həcmi $38 milyard təşkil edib.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.

Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.