Bəzi saytlarda "Azərenerji" rəhbərliyinin əməkdaşlarına bayram pulunun əvəzinə yeşiklə pomidor verilməsi ilə bağlı məlumat yayılıb.
Fins.az xəbər verir ki, “Qafqazinfo”nun sorğusuna cabab olaraq, "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev bildirib ki, 2018-ci ilin sentyabr ayında "Azərenerji" rəhbərliyində kadr islahatı aparıldıqdan sonra əməkdaşların məvacibi 30 faizə qədər artırılıb.
"Bayram pulu məsələsinə gəldikdə, əmək müqaviləsində "bayram pulu" deyə bir anlayış yoxdur. Amma buna baxmayaraq, bayramlarda Səhmdar Cəmiyyətin daxili imkanları hesabına bütün əməkdaşlara bayram münasibəti ilə birdəfəlik pul mükafatı verilir və bu bayram ilə bağlı da pul mükafatı verilib. Pomidor paylanması məsələsinə gəldikdə isə burada pis olan nə var ki? "Azərenerji" İstilik Elektrik Stansiyaları var və orada elektrik enerjisi istehsal olunarkən yaranan istilikdən faydalanmağın nəyi pisdir? Onsuz da həmin istilik alınır və onu boşuna havaya buraxmaqdansa, istixanalara yönəldib, pamidor yetişdirmək və sonra da onu işçilərə paylamaq sizcə pis haldır? "Azərenerji" daxili imkanlardan faydalı istifadə edib yetişdirilən məhsulu bazara çıxarıb satmır ki, təmənnasız işçilərinə paylayır. Niyə buna belə mənfi don geyindirirlər”, - deyə Abdullayev qeyd edib.