Azərbaycan 2019-cu ilin yanvar-oktyabr aylarında Türkiyəyə "Şahdəniz" yatağından hasil edilmiş 7 milyard 795,24 milyon kubmetr qaz ixrac edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 30,3% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.
Oktyabr ayında Türkiyəyə qaz ixracının ümumi həcminin 26,5%-i (931,99 milyon kubmetr) Azərbaycan qazının payına düşüb. Ötən ilin oktyabr ayı ilə müqayisədə tədarükün həcmi 20,82% artıb.
Oktyabr ayında Türkiyəyə 3 milyard 158,89 milyon kubmetr (2018-ci ilin sentyabr ayı ilə müqayisədə azalma 12,96%) qaz ixrac edilib. 2 milyard 383,18 milyon kubmetr boru kəməri qazının (tədarükün 75,5%-i), 775,71 milyon kubmetr (24,5%) isə LNG-nin payına düşüb. Hesabat dövründə Azərbaycanla yanaşı, İran və Rusiyadan da boru kəməri ilə qaz nəqli həyata keçirilib.
2018-ci ildə Azərbaycan Türkiyəyə 7 milyard 521,15 milyon kubmetr qaz ixrac edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir