RƏSMİ

04 Fevral

Sülh, dialoq və iqtisadi əməkdaşlıq: Prezident İlham Əliyevin BƏƏ səfəri

Finss.az -  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri son illərdə həyata keçirilən çoxşaxəli və balanslı xarici siyasətin, həmçinin iqtisadi əməkdaşlığın məntiqi davamı kimi şərh edilə bilər. Birləşmiş Ərəb Əmirliklərinin regionun aparıcı dövlətlərindən biri olması, həmçinin keçirilmiş görüşlərdə müzakirə olunan məsələlərin qlobal miqyası səfərin əhəmiyyətini daha da artırır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi İlkin Qasımov bildirib ki, iki ölkənin dövlət başçılarının görüşündə mövcud siyasi, iqtisadi və humanitar əməkdaşlığın strateji tərəfdaşlığa əsaslanması fikri bir daha öz təsdiqini tapıb. Tərəflər arasında “Cənubi Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus olan qeyri-nəzarət payının bir hissəsinin XRG şirkətinə satışı üzrə müqaviləyə dair sənədin imzalanması iqtisadi əməkdaşlığın növbəti mərhələsi hesab edilə bilər.

Səfərin əsas diqqətçəkən məqamlarından biri də Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında geniş tərkibdə keçirilmiş görüşdür. Görüşün neytral və eyni zamanda nüfuzlu məkanda baş tutması Azərbaycanın dialoq prosesinə və sülh quruculuğuna verdiyi önəmin göstəricisi olmaqla yanaşı, iqtisadi əlaqələrin genişləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Belə ki, Ermənistanla keçirilən görüşlər artıq siyasi normallaşma kontekstindən çıxaraq iqtisadi münasibətlərin formalaşdırılması mərhələsinə qədəm qoyur.  Azərbaycanın ikitərəfli ticarətlə bağlı əldə olunmuş razılığın şərtlərinə əməl edərək Ermənistana neft məhsullarını ixrac etməsi, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların daşınmasında ölkə ərazisindən tranzit olaraq istifadə etməyə imkan yaratması əməkdaşlığın növbəti mərhələsi üçün ciddi siyasi və iqtisadi zəmin hazırlayır. Tərəflər iqtisadi əməkdaşlığı genişləndirmək üçün mümkün imkanların araşdırılması barədə də razılığa gəldilər ki, bu da öz növbəsində sülhün qorunması vasitəsilə iqtisadi əməkdaşlıq üçün yeni qapılar açır.

İlkin Qasımovun sözlərinə görə, iqtisadi əməkdaşlıq Azərbaycanın regional nəqliyyat qovşağı kimi mövqeyini gücləndirməklə yanaşı, eyni zamanda əlavə gəlir mənbələri yaradacaq. Əlavə olaraq, enerji məhsullarının ixracı post-münaqişə dövründə iqtisadi təsir aləti olaraq ön plana çıxır ki, bu həm də Azərbaycanın bazar genişləndirmə strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər. Bununla yanaşı, siyasi sabitliyin təmin olunması regionun investisiya cəlbediciliyi baxımından xüsusilə əhəmiyyətlidir və Azərbaycanın iqtisadi mərkəz mövqeyini daha da gücləndirir.

Prezident İlham Əliyevin nüfuzlu “Şeyx Zayed İnsan Qardaşlığı” mükafatına layiq görülməsi də qeyd edilən perspektivdən əhəmiyyətlidir. Mükafatın Qafqazda davam edən münaqişəyə son qoyulmasına, həmçinin dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişafına görə verilməsi Azərbaycanın bu məsələdəki potensial imkanlarını bir daha təsdiqləyir. Mükafat komitəsi Azərbaycan Prezidentinin regional sülhün təmin olunmasındakı rolunu vurğulamaqla yanaşı, onun qlobal sülhə töhfəsi istiqamətindəki nailiyyətini də təsdiqləyir. Mükafatın keçmiş laureatları arasında Roma Papasının, BMT-nin baş katibi kimi nüfuzlu şəxslərin olması Prezident İlham Əliyevin qlobal sülh və əməkdaşlığın əldə olunmasındakı nüfuzlu mövqeyini diqqətə çatdırır.

Ümumilikdə, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri həm regional sülh gündəliyi, həm də Azərbaycanın regional və qlobal nüfuzunun daha da artması baxımından əhəmiyyətli hadisədir. Görüş həm də Azərbaycan-Ermənistan münasibətlərinin iqtisadi rasionalizm mərhələsinə keçiddə vacib mərhələ olaraq ön plana çıxır. Bu mərhələ Azərbaycan üçün təkcə sülh dividendləri deyil, eyni zamanda tranzit gəlirləri, enerji ixracı, investisiya axını və regional liderlik baxımından ciddi iqtisadi üstünlüklər vəd edir.