RƏSMİ

04 Fevral

Azərbaycanın daxili maliyyə bazarında dövlət borcu və istiqraz göstəriciləri açıqlanıb

2026-cı il 1 yanvar tarixinə Azərbaycanın daxili dövlət borcu 17 milyard 804,5 milyon manat təşkil edib ki, bu da 2025-ci ilin faktiki ÜDM-inin 13,8%-i deməkdir.

Finss.az Maliyyə Nazirliyinin məlumatına əsasən xəbər verir ki, daxili dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə 855,2 milyon manat və ya 4,6% azalıb, ÜDM-ə nisbəti isə 1,0 faiz bənd aşağı düşüb.

Bu dövrə daxili dövlət borcunun strukturu belə formalaşıb:

  • Dövriyyədə olan dövlət qiymətli kağızları: 9.006,6 milyon manat
  • Hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklər: 8.797,9 milyon manat

Bildirilir ki, strategiyaya uyğun olaraq daxili maliyyə bazarının inkişafını dəstəkləmək və xarici dövlət borcunu daxili dövlət borcu ilə əvəzləmək məqsədilə 2018-ci illə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi təqribən 8,5 dəfə artaraq 9.006,6 milyon manata çatıb.

2025-ci ildə dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən dövlət istiqrazları üzrə faiz və diskont ödənişlərinə 607,0 milyon manat vəsait istifadə olunub. Təkrar maliyyələşdirmə risklərinin azaldılması və dövlət istiqrazları üzrə orta ödəmə müddətinin uzadılması məqsədilə dövriyyə müddəti 3 ilədək olan istiqrazlar vaxtından əvvəl geri alınaraq daha uzunmüddətli istiqrazlarla əvəz edilib.

Eyni zamanda həyata keçirilən tədbirlər nəticəsində dövlət istiqrazları üzrə faiz xərcləri azaldılıb. Dövlət istiqrazlarının təkrar maliyyələşdirilmə əməliyyatları və Təminat Fondunun vəsaiti hesabına 2025-ci il ərzində investorlara ümumilikdə 5.076,6 milyon manat ödənilib.

Fuad Mədətov
Finss.az