1 yanvar 2026-cı il tarixinə Azərbaycan Respublikasının xarici və daxili dövlət borcunun ümumi məbləği 25,987 milyard manat təşkil edib ki, bu da 2025-ci il üzrə 129 094,0 milyon manat məbləğində ümumi daxili məhsulun (ÜDM) 20,1%-nə bərabər olub.
Finss.az bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, eləcə də beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş vəsaitlər nəzərə alınmaqla xarici dövlət borcu 4 813,5 milyon ABŞ dolları təşkil edib ki, bu da ÜDM-in 6,3%-nə bərabərdir.
Eyni zamanda, 2026-cı il 1 yanvar tarixinə daxili dövlət borcunun həcmi 17 804,5 milyon manat olub və bu göstərici ÜDM-in 13,8%-ni təşkil edib.
Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2 399,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub.
2025-ci il ərzində dövlət büdcəsinin dövlət borcuna xidmət xərcləri çərçivəsində daxili dövlət borcu üzrə 757,0 milyon manat ödənilib ki, bunun 136,8 milyon manatı əsas borcun, 620,2 milyon manatı isə faiz borcunun payına düşüb.
Eyni dövrdə xarici dövlət borcu üzrə 1 342,5 milyon manat məbləğində ödəniş həyata keçirilib ki, bunun 959,7 milyon manatı əsas borc, 382,8 milyon manatı isə faiz borcu olub.
Beləliklə, 2025-ci il üzrə dövlət borcuna xidmət xərcləri üzrə ümumilikdə 2 099,5 milyon manatın ödənilməsi təmin edilib və nəticədə dövlət büdcəsində 300,1 milyon manat məbləğində qənaət formalaşıb.
Fuad Mədətov
Finss.az
