2025-ci ildə Azərbaycan Respublikasının dövlət büdcəsi xərcləri əsas prioritet istiqamətlər üzrə tam və vaxtında icra olunub.
Finss.az xəbər verir ki, Maliyyə Nazirliyinin açıqladığı operativ məlumatlara görə, 2025-ci il üzrə dövlət büdcəsinin xərcləri 38 603,6 milyon manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 889,9 milyon manat və ya 2,4 faiz çoxdur.
Hesabat dövründə dövlət büdcəsi vəsaiti hesabına əməkhaqları, pensiyalar, sosial müavinətlər, dövlət borcu üzrə öhdəliklər, eləcə də işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin maliyyələşdirilməsi tam təmin edilib.
Büdcə xərclərinin strukturunda cari xərclər üstünlük təşkil edib. Belə ki, 22 116,2 milyon manat və ya 57,3 faiz cari xərclərə, 14 387,9 milyon manat və ya 37,3 faiz əsaslı xərclərə, 2 099,5 milyon manat və ya 5,4 faiz isə dövlət borcuna xidmət xərclərinə yönəldilib
Funksional təsnifat üzrə xərclər
2025-ci ildə dövlət büdcəsinin funksional təsnifatına əsasən, müdafiə və milli təhlükəsizlik xərcləri 8 068,2 milyon manat, iqtisadi fəaliyyət xərcləri 7 579,7 milyon manat, təhsil xərcləri 4 618,3 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 4 554,4 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 4 456,1 milyon manat təşkil edib.
Bununla yanaşı, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclər 2 919,9 milyon manat, səhiyyə xərcləri 1 275,3 milyon manat, kənd təsərrüfatı xərcləri 1 120,9 milyon manat, mədəniyyət və gənclər siyasəti xərcləri 527,3 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 374,2 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri isə 322,5 milyon manat olub.
2024-cü illə müqayisədə müdafiə və milli təhlükəsizlik xərcləri 22,9 faiz və ya 1 506,0 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 9,7 faiz və ya 403,3 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 8,3 faiz və ya 341,1 milyon manat artıb.
İqtisadi təsnifat üzrə xərclər
İqtisadi təsnifata görə, qeyri-maliyyə aktivlərinə 12 949,2 milyon manat, əməyin ödənişi xərclərinə 9 090,1 milyon manat, malların və xidmətlərin satınalınmasına 5 892,1 milyon manat, sosial ödənişlərə 3 146,2 milyon manat, subsidiya xərclərinə 1 167,1 milyon manat vəsait yönəldilib.
Bərpa və investisiya xərcləri
2025-ci ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 4 465,7 milyon manat vəsait ayrılıb. Bu vəsaitin 3 781,9 milyon manatı məqsədli bərpa xərclərinin, 373,2 milyon manatı dövlət büdcəsinin ehtiyat fondunun, 258,5 milyon manatı dövlət əsaslı vəsait qoyuluşu xərclərinin hesabına maliyyələşdirilib.
Dövlət borcuna xidmət xərcləri
Hesabat dövründə dövlət borcuna xidmət xərcləri üzrə 2 099,5 milyon manat ödəniş həyata keçirilib. Bunun 757,0 milyon manatı daxili dövlət borcu, 1 342,5 milyon manatı isə xarici dövlət borcu üzrə ödənişlərin payına düşüb. Nəticədə dövlət borcuna xidmət xərclərində 300,1 milyon manat məbləğində qənaət formalaşıb.
İcmal büdcə çərçivəsində xərclər
2025-ci ildə icmal büdcənin xərcləri 44 651,9 milyon manat təşkil edib. İcmal büdcənin tərkibində Dövlət Sosial Müdafiə Fondunun xərcləri 7 518,2 milyon manat, İcbari Tibbi Sığorta Fondunun xərcləri 2 418,0 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun xərcləri 14 586,5 milyon manat olub.
Ümumilikdə, 2025-ci ildə dövlət büdcəsi xərcləri sosial öhdəliklərin icrası, milli təhlükəsizlik, iqtisadi fəaliyyətin dəstəklənməsi və postmünaqişə dövründə bərpa proseslərinin maliyyələşdirilməsi baxımından əsas prioritetləri əhatə edib və fiskal dayanıqlıq qorunmaqla icra olunub.
Fuad Mədətov
Finss.az
