RƏSMİ

02 Fevral

Azərbaycanda 17 qanuna dəyişiklik edilib, 30-a yaxın sənədin rəqəmsal təqdimatı mümkün olub - Fərid Osmanov

Ötən il ərzində qanunvericilik sahəsində aparılan islahatlar çərçivəsində 17 qanuna dəyişiklik layihəsi qəbul olunub.

Finss.az xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov Agentliyin illik fəaliyyətinə dair keçirilən mətbuat konfransında məlumat verib.

F.Osmanov bildirib ki, qəbul olunan dəyişikliklər nəticəsində artıq 30-a yaxın sənədin rəqəmsal formatda təqdim edilməsinin hüquqi əsasları formalaşdırılıb. Onun sözlərinə görə, bununla da şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və digər sənədlərin rəqəmsal şəkildə təqdim edilməsi üçün normativ baza yaradılıb.

İRİA-nın sədri qeyd edib ki, əldə olunan mühüm nailiyyətlərdən biri Elektron Hökumət İnformasiya Sisteminin əsasnaməsinin qəbul olunmasıdır:

“Qeyd olunmalıdır ki, mühüm uğurlardan biri məhz Elektron Hökumət İnformasiya Sisteminin əsasnaməsinin qəbul olunmasıdır. Bu da müvafiq xidmətlərin həm vətəndaş, həm dövlət seqmenti üçün mərkəzləşdirilmiş şəkildə təqdim olunması, məlumat həllərinin müəyyən olunması və digər mühüm komponentlər məhz bu əsasnamə ilə təsbit olunub”.

Mətbuat konfransında Agentliyin cari il üçün prioritet istiqamətləri barədə də məlumat verilib. F.Osmanov qeyd edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətində innovasiya sahəsində qanunvericiliyin daha da təkmilləşdirilməsinə xüsusi diqqət yetiriləcək.

Onun sözlərinə görə, vençur fəaliyyətinin genişləndirilməsi, investisiya fondları və maliyyə alətlərinin inkişafı istiqamətində qanunvericilik layihələri üzərində aidiyyəti qurumlarla aparılan işlər artıq yekunlaşmaq üzrədir:

“Eyni zamanda texnopark fəaliyyətinin genişləndirilməsi istiqamətində fikirlərimiz var. Artıq bu istiqamətdə müvafiq layihələrimiz də hazırlanıb və aidiyyəti qurumlara təqdim olunub”.

Fuad Mədətov
Finss.az