Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İsrailin xarici işlər naziri Gideon Saarin iştirakı ilə birgə mətbuat konfransı keçirilib.
Finss.az xəbər verir ki, konfransda ölkələr arasında ikitərəfli münasibətlər, həmçinin beynəlxalq və regional gündəmin aktual məsələləri müzakirə olunub.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çıxışında bildirib ki, Azərbaycan-İsrail münasibətləri ilbəil müsbət inkişaf edir və müxtəlif sahələri əhatə edir. Nazir vurğulayıb ki, münasibətlər strateji əhəmiyyət daşıyır və Xarici İşlər Nazirlikləri arasında mütəmadi siyasi məsləhətləşmələr, Hökumətlərarası Komissiya və Parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir.
Ceyhun Bayramov Azərbaycan-Ermənistan münasibətləri və Yaxın Şərqdəki vəziyyət barədə İsrail həmkarına məlumat verib. Nazir həmçinin iqtisadi əməkdaşlıq məsələlərinə diqqət çəkib. Bildirilib ki, 2025-ci ildə İsraildən Azərbaycana gələn turistlərin sayı 2024-cü illə müqayisədə 2 dəfə artıb, ölkələr arasında hazırda 20 təyyarə reysi mövcuddur və bu sayın artırılması gözlənilir.
Nazir əlavə edib ki, hazırda Azərbaycanda 124 İsrail şirkəti fəaliyyət göstərir və müxtəlif layihələr həyata keçirir. SOCAR isə 2025-ci ildə İsrailin Aralıq dənizindəki ən böyük layihələrindən birində 10% pay alıb və artıq orada investor kimi iştirak edir.
İsrail xarici işlər naziri Gideon Saar çıxışında bildirib ki, İsrail Azərbaycana investisiya qoyuluşunda maraqlıdır və öz bilik və təcrübəsini bölüşməyə hazırdır. Saar qeyd edib ki, İsrail Azərbaycanla iqtisadi münasibətləri yeni səviyyəyə çıxarmaq niyyətindədir və buna görə Bakıya su təchizatı, kibertəhlükəsizlik, səhiyyə, ərzaq və kənd təsərrüfatı sahələrini təmsil edən 40-dan çox nümayəndədən ibarət nümayəndə heyəti ilə gəlib.
Nazir vurğulayıb ki, strateji əməkdaşlıq hər iki tərəf üçün iqtisadi fayda təmin edir. İsrailin Azərbaycanda səfirliyinin açılmasından sonra isə iki ölkə arasındakı əməkdaşlıq daha da möhkəmlənib.
Qeyd edək ki, 2024–2025-ci illər ərzində Azərbaycanla İsrail arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb. Ötən ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 360 milyon ABŞ dolları təşkil edib.
