Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclasında nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların cari il ərzindəki fəaliyyəti, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların vəziyyəti, maliyyə xidmətləri və dövlət müəssisələri ilə işin təşkili, həmçinin dövlət maliyyəsinin idarə edilməsində rəqəmsal həllərin tətbiqi istiqamətlərində bu il görülən işlər və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub.
Maliyyə Nazirliyindən Finss.az-a verilən məlumata görə, kollegiyanın sədri Sahil Babayev bildirib ki, başa çatmaqda olan 2025-ci il Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tarixində yüksək nailiyyətlər, hərtərəfli inkişaf və ardıcıl tərəqqi ili kimi yadda qalacaqdır. Nazir qeyd edib ki, ilin on bir ayında sosial-iqtisadi sahədə dayanıqlı artım və makroiqtisadi sabitlik təmin olunub, maliyyə mövqelərimiz daha da möhkəmlənib, Dövlət Neft Fondunun və Mərkəzi Bankın sərəncamında olan valyuta ehtiyatları artıb.
Nazir bildirib ki, ötən həftə Milli Məclis tərəfindən "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi və icmal büdcəyə daxil olan əsas maliyyə sənədləri qəbul edilib. Gələn ilin dövlət və icmal büdcələrinin ölkəmizin sosial-iqtisadi prioritetləri və qarşımızda duran çağırışlar nəzərə alınmaqla tərtib olunduğunu vurğulayan maliyyə naziri bildirib ki, müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın davam etməsi, iqtisadi inkişafın stimullaşdırılması və əhalinin sosial müdafiəsi üçün maliyyə təminatı tam formalaşdırılıb.
Kollegiyanın sədri 2025-ci ilin dövlət büdcəsinin 11 aylıq icrasını da müsbət qiymətləndirib və qeyd edib ki, icmal büdcənin gəlirləri 11 aylıq proqnoza qarşı 2 milyard 526 milyon manat və ya 6,1 faiz, dövlət büdcəsinin gəlirləri isə 324,6 milyon manat və ya 0,9 faiz üstələyib. İcmal və dövlət büdcələrinin xərcləri isə müvafiq olaraq 36 milyard 784,3 milyon manat və 31 milyard 414,7 milyon manat səviyyəsində icra edilib.
Qeyd olunub ki, 2025-ci ilin aprel ayından etibarən vahid xəzinə hesabının qalığının aktiv idarə edilməsinə başlanılıb. Bu çərçivədə milli valyutada olan vəsaitlərin yerli banklarda depozitə yerləşdirilməsi və Mərkəzi Bank ilə ABŞ dolları müxbir hesabının faiz gəlirinin hesablanması təmin edilib. Nəticədə aprel–dekabr aylarında əlavə 119,4 milyon manat gəlir dövlət büdcəsinə köçürülüb.
Müzakirələr zamanı bildirilib ki, dövlət maliyyəsinin idarə olunmasında şəffaflığın və səmərəliliyin artırılması məqsədilə Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən rəqəmsallaşma və idarəetmə proseslərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Prioritet istiqamətlər sifarişlərin elektronlaşdırılması, ödəniş sənədlərinin minimallaşdırılması, təsdiqedici sənədlərin pasportlaşdırılması və informasiya sistemlərinin müasirləşdirilməsidir.
İclasda büdcə daxilolmalarının uçotu və idarə olunmasının tam elektronlaşdırılması, “İCMAL” informasiya sisteminin geniş tətbiqi və “e-mühasibat” sisteminin rəqəmsal həllərinin inkişaf etdirilməsi müzakirə olunub.
Kollegiya iclasında həmçinin dövlət müəssisələrinin büdcə və maliyyə göstəricilərinin monitorinqi üçün yeni Qaydalar layihəsi hazırlanıb, vahid hesabat şablonlarının tətbiqi və vahid monitorinq mexanizminin planlaşdırılması barədə məlumat verilib. Bu tədbirlər dövlət vəsaitlərinin səmərəli idarəedilməsini və maliyyə şəffaflığını daha da gücləndirəcəkdir.
İclasda “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması və dövlət maliyyəsinin idarə edilməsində rəqəmsal həllərin tətbiqi istiqamətində görülən işlər də təqdim edilib. Cari ildə “Büdcə Məlumat İdarəetmə” alt sisteminin yeni versiyası, “İCMAL” informasiya sistemi, “e-rüsum” sisteminin təkmilləşdirilməsi, elektron müqavilə platforması və GRP konsepsiyası üzrə vahid mühasibatlıq sisteminin ilkin mərhələsi hazırlanıb. Hazırda vahid maliyyə məlumat bazasının formalaşdırılması və büdcənin gəlir-xərclərinin proqnozlaşdırılması üçün proqram təminatının inkişaf etdirilməsi davam edir.
Kollegiya iclasında həmçinin Maliyyə Nazirliyində tapşırıqların icra vəziyyəti və hesabatlarla bağlı məsələlər barədə məruzə dinlənilib və “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara tətbiq edilən amortizasiya normaları barədə Təlimat” təsdiqlənib.
Fuad Mədətov
Finss.az











