Dekabrın 12-də Aşqabadda “Beynəlxalq sülh və etimad ili (2025)”, Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş beynəlxalq forum işə başlayıb. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov forumun plenar iclasında iştirak edib.
Finss.az bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.
İclasda çıxış edən Ə.Əsədov vurğulayıb ki, Azərbaycan Türkmənistanın BMT tərəfindən tanınan daimi neytrallıq siyasətinə böyük hörmətlə yanaşır.
Azərbaycanın neytrallıqla bağlı Türkmənistan tərəfindən BMT-də irəli sürülən qətnamələri daim dəstəklədiyi və “Beynəlxalq sülh və etimad ili – 2025” qətnaməsinə həmmüəllif qismində qoşulduğu bildirilib.
Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan Türkmənistanın BMT-nin himayəsi altında Neytrallıq Universitetinin yaradılması təşəbbüsünü yüksək qiymətləndirir və Universitetin işində fəal iştirak etməyə hazırdır.
Bildirilib ki, Azərbaycan və Türkmənistan Qoşulmama Hərəkatının fəal üzvləridir və hər iki ölkə Hərəkatın dialoq və həmrəylik prinsiplərinə sadiqlik nümayiş etdirir.
Azərbaycan-Türkmənistan əlaqələrinə toxunan Baş nazir vurğulayıb ki, iki ölkə arasında dərin tarixi köklərə, mənəvi və mədəni dəyərlərə söykənən ənənəvi dostluq və qardaşlıq münasibətləri mövcuddur. Dövlətlərarası münasibətlərin son illərdə dinamik inkişaf yolu keçdiyi diqqətə çatdırılıb.
Bildirilib ki, iki ölkə liderləri arasında baş tutmuş qarşılıqlı səfərlər və görüşlər ikitərəfli münasibətlərdə strateji tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəsinə yüksəldib.
Bu kontekstdə avqust ayında Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri xüsusi qeyd olunub. Səfər çərçivəsində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında keçirilmiş yüksək səviyyəli görüş regional əməkdaşlıq və çoxşaxəli fəaliyyət üçün mühüm platforma hesab edilib.
Həmçinin iyul ayında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri, Füzuli və Şuşa şəhərlərinin ziyarət edilməsi əhəmiyyəti vurğulanıb.
Eyni zamanda oktyabr ayında Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü çərçivəsində Füzulidə məscidin təməli ilə bağlı Türkmənistana minnətdarlıq ifadə olunub.
Ə.Əsədov Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasındakı münasibətlərə də toxunub və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı qismində qəbul edilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.










