RƏSMİ

11 Dekabr

SOCAR-ın layihələri və borc portfeli üzrə yüksək səviyyəli müzakirə aparılıb

10 dekabr tarixində Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının (MŞ) sədri Əli Əsədovun rəhbərliyi ilə iclas keçirilib.

Finss.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Məlumata görə, iclasın gündəliyində SOCAR-ın dayanıqlı fəaliyyəti haqqında təqdimat, həmçinin şirkət tərəfindən həyata keçirilən layihələr, onların inkişaf perspektivləri, layihələrin icrası üçün maliyyələşmə mənbələri, borc portfeli və digər cari məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdəki məsələlər üzrə SOCAR-ın prezidenti Rövşən Nəcəf təqdimatla çıxış edib.
İclasda həmçinin iqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov və AİH-nin Baş icraçı direktoru Ruslan Əlixanov çıxış ediblər.

Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın və AİH-in Müşahidə Şurasının üzvləri tərəfindən müzakirələr aparılıb.

İclasın yekununda Şura üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla SOCAR və ARDNF-ə müvafiq tapşırıqlar verilib.