2025-ci ilin 11 ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub.
Bu barədə Finss.az-a Maliyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, xəzinədarlıq orqanları tərəfindən bu dövrdə 1 milyon 436 mindən çox ödəniş tapşırığı icra edilib və büdcə gəlirlərində yüksək göstəricilər qeydə alınıb.
Cari ilin yanvar-noyabr aylarında icmal büdcənin gəlirləri 43 855,2 milyon manat təşkil edib ki, bu da 11 aylıq proqnozu 2 526,0 milyon manat və ya 6,1% üstələyib. Eyni dövrdə dövlət büdcəsinin gəlirləri 35 625,6 milyon manat olub ki, bu da proqnozu 324,6 milyon manat və ya 0,9% üstələyib.
Dövlət büdcəsinin gəlirlərində xüsusi olaraq aşağıdakı nəticələr qeyd olunub:
- İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə daxilolmalar 15 310,5 milyon manat təşkil edərək proqnozu 745,5 milyon manat və ya 5,1% üstələyib;
- Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 41,6 milyon manat olub ki, bu da proqnozu 10,2 milyon manat və ya 32,5% üstələyib;
- Dövlət Neft Fondundan transfert 13 274,3 milyon manat təşkil edərək proqnoza qarşı 100% icra olunub;
- Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 752,2 milyon manat olub və proqnoza qarşı 96,6% icra həyata keçirilib;
- Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətləri üzrə daxilolmalar 592,3 milyon manat, proqnoza qarşı 72,7% icra olunub;
- Sair daxilolmalar isə 654,7 milyon manat təşkil edərək proqnoza qarşı 99,1% icra edilib.
Büdcənin xərclərinə gəldikdə, icmal büdcənin xərcləri 36 784,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 397,6 milyon manat və ya 3,9% çoxdur. Eyni zamanda, dövlət büdcəsinin xərcləri 31 414,7 milyon manat təşkil edərək ötən ilin analoji dövrü ilə müqayisədə 376,6 milyon manat və ya 1,2% artım göstərib.
Beləliklə, 2025-ci ilin yanvar-noyabr aylarında həm icmal, həm də dövlət büdcəsinin gəlirləri proqnozları üstələyib, xərclərdə isə mülayim artım müşahidə olunub.
Fuad Mədətov
Finss.az
