“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisdə ikinci oxunuşda qəbul edilib.
Finss.az-ın məlumatına görə, qanun layihəsi parlamentin dünənki və bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 609,0 milyon manat proqnozlaşdırılır, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 253,0 milyon manat və yaxud 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 1 447,2 milyon manat və yaxud 3,9 faiz çoxdur.
Dövlət büdcəsinin xərcləri 41 703,6 milyon manat proqnozlaşdırılır, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 296,0 milyon manat və yaxud 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 3 990,0 milyon manat və yaxud 10,6 faiz çoxdur.
Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 094,6 milyon manat və ya ÜDM-in 2,3 faiz səviyyəsində proqnozlaşdırılır.
2026-cı il dövlət büdcəsinin gəlirləri
Gəlirlər 38 609,0 milyon manat məbləğində nəzərdə tutulur, ÜDM-in 28,8 faizi həcmində olmaqla, 2025-ci ilin proqnozu ilə müqayisədə 253,0 milyon manat və ya 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə 1 447,2 milyon manat və ya 3,9 faiz çoxdur. 2022-ci illə müqayisədə 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 7 929,4 milyon manat və ya 25,8 faiz artıb.
Dövlət Neft Fondundan transfert çıxılmaqla gəlirlər 25 774,0 milyon manat təşkil edəcək ki, bu da 2025-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 1 899,0 milyon manat və ya 8,0 faiz, 2024-cü ilin icrası ilə müqayisədə 1 393,2 milyon manat və ya 5,7 faiz çoxdur. Dövlət Neft Fondunun transfertinin məbləği 2025-ci illə müqayisədə 1 646,0 milyon manat və ya 11,4 faiz az proqnozlaşdırılır.
Gəlirlərin sektoral bölgüsü:
- Neft-qaz sektoru: 16 435,0 milyon manat (42,6%)
- Qeyri-neft-qaz sektoru: 22 174,0 milyon manat (57,4%)
2025-ci illə müqayisədə neft-qaz sektorunun gəlirləri (Dövlət Neft Fondundan transfert daxil olmaqla) 1 876,0 milyon manat və ya 10,2 faiz az, qeyri-neft-qaz sektorunun gəlirləri isə 2 129,0 milyon manat və ya 10,6 faiz çox olacaq.
2026-cı il dövlət büdcəsinin xərcləri
Xərclər 41 703,6 milyon manat nəzərdə tutulur, bu da 2025-ci ilin səviyyəsi ilə müqayisədə 296,0 milyon manat və ya 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə 3 990,0 milyon manat və ya 10,6 faiz çoxdur. Xərclərin ÜDM-də xüsusi çəkisi 31,1 faiz təşkil edəcək.
Xərclərin strukturu:
- Cari xərclər: 25 161,2 milyon manat (60,3%)
- Əsaslı xərclər: 14 084,8 milyon manat (33,8%)
- Dövlət borcuna xidmət: 2 457,6 milyon manat (5,9%)
Əməyin ödənişi xərcləri: 10 247,6 milyon manat (24,6%)
Malların, işlərin və xidmətlərin alınması: 7 038,5 milyon manat (16,9%)
Faizlər üzrə ödənişlər: 1 380,6 milyon manat (3,3%)
Subsidiyalar: 1 071,4 milyon manat (2,6%)
Qrantlar və digər ödənişlər: 3 308,1 milyon manat (7,9%)
Sosial ödənişlər: 3 433,6 milyon manat (8,2%)
Dövlət icbari şəxsi sığorta xərcləri: 62,1 milyon manat (0,1%)
Qeyri-maliyyə aktivlərinin alınması: 13 901,8 milyon manat (33,3%)
Maliyyə aktivləri üzrə əməliyyatlar: 183,0 milyon manat (0,4%)
Öhdəliklər üzrə əməliyyatlar: 1 077,0 milyon manat (2,7%)
Sair xərclər üzrə 2026-cı ilin büdcəsində 225,2 milyon manat və ya 17,6 faiz az vəsait proqnozlaşdırılır.
Dövlət büdcəsi kəsiri və maliyyələşdirilməsi
2026-cı il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 094,6 milyon manat, ÜDM-də xüsusi çəkisi 2,3 faiz səviyyəsindədir.
Kəsirin maliyyələşdirilməsi: özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma və 2026-cı il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.
