RƏSMİ

17 Noyabr

Dövlət büdcəsinin gəlirləri 40,96 milyard manat olub

Bu ilin 10 ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Xəzinədarlıq orqanları bu dövrdə 1 milyon 283 mindən çox ödəniş tapşırığını icra edib, büdcənin gəlirləri isə proqnozları üstələyib.

Finss.az Maliyyə Nazirliyinin məlumatına əsasən xəbər verir ki, yanvar-oktyabr ayları ərzində icmal büdcənin gəlirləri 40 960,7 milyon manat təşkil edib ki, bu da on aylıq proqnozu 3 946,5 milyon manat və ya 10,7% üstələyir. Dövlət büdcəsinin gəlirləri isə 32 891,4 milyon manat olub və on aylıq proqnozu 536,8 milyon manat və ya 1,7% üstələyib.

Dövlət büdcəsinin gəlirlərində əsas payı aşağıdakı mənbələr təşkil edib:

  • Dövlət Vergi Xidməti: 14 378,3 milyon manat, proqnozdan +5,5%;
  • Əmlak Məsələləri Dövlət Xidməti: 38,6 milyon manat, proqnozdan +32,6%;
  • Sair daxilolmalar: 614,8 milyon manat, proqnozdan +34,0%;
  • Dövlət Neft Fondundan transfert: 12 067,5 milyon manat, proqnoza qarşı 100% icra;
  • Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar: 5 255,7 milyon manat, proqnoza qarşı 96,8%;
  • Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətləri: 536,5 milyon manat, proqnoza qarşı 72,2%.

Xərclərə gəldikdə, icmal büdcənin xərcləri 10 ay ərzində 32 691,7 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 872,7 milyon manat və ya 2,7% çoxdur. Dövlət büdcəsinin xərcləri isə 27 720,6 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 387,6 milyon manat və ya 1,4% azalma deməkdir.

Fuad Mədətov
Finss.az