Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.
Finss.az Hesablama Palatasına istinadən xəbər verir ki, iclasda ilk olaraq Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyi müzakirə olunub.
Bildirilib ki, Rəy 2026-cı il dövlət büdcəsinə dair Qanun layihəsinin və ona əlavə olunan sənədlərin qanunvericiliyə uyğunluğu, dövlət büdcəsinin gəlirləri və xərcləri, büdcə kəsirinin proqnoz göstəriciləri, eləcə də bu göstəricilərin makroiqtisadi parametrlərə və strateji sənədlərə uyğunluğu barədə kənar dövlət maliyyə nəzarəti orqanının mövqeyini əks etdirir.
Müzakirələr zamanı Rəydə əksini tapan əsas məqamlar, aparılan təhlillərin nəticələri və irəli sürülən tövsiyələr ətrafında fikir mübadiləsi aparılıb. Nəticədə Rəyin təsdiqlənməsi və Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunması qərara alınıb.
Daha sonra iclasda “Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi haqqında” Qanun layihələrinə dair Hesablama Palatasının Rəyləri müzakirə edilib.
Kollegiya üzvləri Rəylərdə əhatə olunan əsas məsələləri, təhlillərin nəticələrini və tövsiyələri nəzərdən keçiriblər. Müzakirələrin nəticəsində Rəylərin təsdiqlənərək Milli Məclisə göndərilməsi barədə qərar qəbul edilib.


