Məlum olduğu kimi, 20 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib.
Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İlham Əliyevi Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.
Finss.az xəbər verir ki, 21 oktyabr 2025-ci ildə Astananın “Akorda” Prezident Sarayında İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib.
Qazaxıstana dövlət səfəri çərçivəsində baş tutan yüksək səviyyəli görüşlər iki qardaş ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərib.
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayevin səmimi, etimada əsaslanan dialoqu tərəflərin strateji müttəfiqliyi daha da möhkəmləndirmək əzmini nümayiş etdirib.
Prezident Tokayevin “Azərbaycan və Qazaxıstan yalnız dost dövlətlər deyil, həm də qardaş xalqlardır” fikri bu münasibətlərin ideoloji və mənəvi əsasını dəqiq ifadə edib.
İlham Əliyev isə cavabında bildirib: “Biz qardaş Qazaxıstan xalqına münasibətdə eyni hissləri bölüşürük.”
Hər iki liderin çıxışlarında qeyd olunub ki, Azərbaycan–Qazaxıstan münasibətləri təkcə ikitərəfli əməkdaşlıqla məhdudlaşmır, bu əlaqələr Türk dünyasının birliyi və Avrasiya məkanında yeni geosiyasi sabitlik modelinin formalaşmasına yönəlib.
Son illər Azərbaycan–Qazaxıstan iqtisadi əməkdaşlığında ciddi artım müşahidə olunur.
2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 470 milyon dollar təşkil etmişdisə, 2025-ci ilin yanvar–avqust aylarında bu göstərici 547 milyon dollara yüksəlib.
Bu artım Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) çərçivəsində həyata keçirilən layihələrin nəticəsidir.
“Orta Dəhlizin İnkişafı” layihəsinin təqdimatı zamanı dövlət başçılarına bildirilib ki, Çin–Azərbaycan–Gürcüstan xətti üzrə tranzit daşımaların həcmi 2030-cu ilə qədər üç dəfə artacaq.
Bu, Qazaxıstan və Azərbaycanın nəqliyyat-logistika mərkəzi kimi rolunu daha da möhkəmləndirəcək.
Aktau və Ələt limanları üzərindən keçən bu marşrut həm iqtisadi, həm də geosiyasi baxımdan Türk dünyasının yeni “İpək körpüsü”nə çevrilməkdədir.
SOCAR ilə “KazMunayQaz” arasında neftin Ceyhan limanı vasitəsilə tranziti haqqında sazişin uğurla icrası enerji əməkdaşlığının davamlılığını təmin edir.
2025-ci ildən etibarən bu marşrutla illik 1,5 milyon ton Qazaxıstan neftinin daşınması planlaşdırılır.
Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq artıq klassik iqtisadi sahələri aşaraq rəqəmsal transformasiya və “yaşıl energetika” kimi müasir istiqamətləri də əhatə edir.
2025-ci ilin martında Xəzərin dibi ilə sualtı fiber-optik rabitə xəttinin tikintisi barədə imzalanmış saziş iki ölkə arasında rəqəmsal inteqrasiyanın güclənməsinə xidmət edəcək.
Bununla yanaşı, Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsinə yönəlmiş razılaşmalar Türk dövlətlərinin enerji təhlükəsizliyini vahid regional çərçivədə təmin etməyi hədəfləyir.
Qazax və Azərbaycan xalqları arasında mədəni bağlar bu strateji münasibətlərin əsas sütunlarından biridir.
Son illər keçirilən “Qazaxıstan Mədəniyyəti Günləri” və “Azərbaycan Mədəniyyəti Günləri”, eləcə də görkəmli yazıçı Kemel Tokayevin əsərlərinin Azərbaycan dilinə tərcüməsi bu yaxınlığın bariz nümunələridir.
Həm Beynəlxalq Türk Akademiyası, həm də TÜRKSOY çərçivəsində həyata keçirilən layihələr türk mədəniyyətinin inteqrasiyasını gücləndirir.
Azərbaycan və Qazaxıstanın strateji əməkdaşlığı təkcə ikitərəfli müstəvidə deyil, həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində yeni impuls qazanır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, TDT bu gün “türk xalqlarının birliyi, iqtisadi və siyasi güc mərkəzinə çevrilməsi istiqamətində hərəkətverici qüvvədir.”
2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illiyinin TDT səviyyəsində qeyd olunması isə tarixi ənənələrlə müasir reallığın vəhdətini simvolizə edəcək.
Liderlərin müzakirə etdiyi əsas məsələlərdən biri də Xəzər dənizinin ekoloji problemləri, xüsusilə də dayazlaşma tendensiyası olub.
Azərbaycan və Qazaxıstan bu istiqamətdə elmi əməkdaşlığın vacibliyini vurğulayaraq, Xəzəri “ortaq məsuliyyətin və həmrəyliyin rəmzi” kimi dəyərləndiriblər.
Azərbaycan–Qazaxıstan münasibətləri bu gün təkcə dostluğun nümunəsi deyil, həm də yeni Avrasiya düzənində Türk birliyinin aparıcı sütunlarından birinə çevrilib.
Bu əməkdaşlıq Şərqlə Qərb, Avropa ilə Asiya arasında iqtisadi, enerji və mədəni inteqrasiyanın lokomotivi rolunu oynayır.
21 oktyabr 2025-ci il tarixli Astana görüşü bir daha göstərdi ki, Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə iki ölkə arasında qardaşlıq əlaqələri strateji səviyyəyə yüksəlib.
Bu birliyin arxasında təkcə siyasi maraqlar deyil, həm də ortaq tarix, dil, mədəniyyət və gələcəyə yönəlmiş türk birliyi ideyası dayanır.
Qəvami Sadıqbəyli