RƏSMİ

29 İyul

Birinci yarımildə ən çox rast gəlinən maliyyə pozuntuları açıqlanıb - Hesablama Palatası

Cari ilin birinci yarımilində aparılmış nəzarət tədbirlərinin nəticələrini nəzərə alaraq Hesablama Palatası çox rast gəlinən pozuntularını ümumiləşmiş formada açıqlayıb.

Finss.az bu barədə Palataya istinadən xəbər verir.

Ən çox rast gəlinən pozuntular aşağıdakılardır:

1. Fəaliyyətin təmin edilməsi məqsədilə tələb olunan vəsaitlərin məbləğ və istiqamətinin düzgün proqnozlaşdırılmaması nəticəsində icra prosesində dövlət vəsaitinin təsdiq olunmuş təyinatının dəyişdirilməsi;

2. qurumun hüquqi aktlarla müəyyən edilmiş funksional fəaliyyətinə aid olmayan istiqamətlərdə vəsaitlərin xərc edilməsi və ya funksional fəaliyyətinin bir qisminin başqa quruma ötürülməsi ilə dövlət vəsaitinin funksional təyinatının dəyişdirilməsi və əlavə tələbatın formalaşdırılması;

3. hüquqi aktlarla müəyyən edilmiş nəqliyyat vasitələrinin say həddinə və yanacaq xərcinin normasına, beynəlxalq tədbirlərin keçirilməsi zamanı yemək, hədiyyə və s., habelə iştirakçı sayı ilə bağlı məhdudiyyətlərə riayət olunmaması fonunda artıq xərclərə yol verilməsi;

4. Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununun tələbləri gözlənilməyərək ilkin satınalma planının hazırlanması, təsdiq edilməsi və dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsinin təmin edilməməsi və ya icra prosesində satınalma planına əməl edilməməsi;

5. tender komissiyalarının fəaliyyətində yol verilmiş nöqsanların satınalmalarda hesabatlılıq və şəffaflıq prinsipləri ilə bağlı tələblərə riayət edilməməsinə, eləcə də, rəqabət mühitinin təmin olunması ilə bağlı fəaliyyətin məhdudlaşmasına şərait yaratması;

6. tələbatın düzgün formalaşdırılmaması nəticəsində satınalma müqavilələrinin bir hissəsinin icra olunmaması və ya bağlanmış müqavilələrin icra səviyyəsinin aşağı olması;

7. dövlət investisiyalarının idarəedilməsi üzrə qiymətqoymanın resurs metodunun tətbiq olunması ilə əlaqədar normativ hüquqi aktlarla müəyyənləşdirilmiş bəzi normaların düzgün tətbiq edilməməsi.