Cari ilin iş planına uyğun olaraq, hesabat ilinin birinci yarımilliyində Hesablama Palatasının Kollegiyası tərəfindən, iki halda məxfilik rejimində olmaqla, 34 kənar dövlət maliyyə nəzarət tədbirinin keçirilməsi barədə qərar qəbul edilib.
Finss.az Palataya istinadən xəbər verir ki, nəzarət obyektləri arasında 16 mərkəzi icra hakimiyyəti orqanı, 6 publik hüquqi şəxs, 4 dövlət mülkiyyətində olan və səhmlərində dövlətin payı olan müəssisə, 2 büdcədənkənar dövlət fondu, 1 məqsədli büdcə fondu, 8 mərkəzi icra hakimiyyəti orqanı tabeliyində və yanında olan təşkilat və digər təşkilati-hüquqi formaya malik qurumlar olub.
Qeyd edilib ki, nəzarət obyektlərinin 11-də ilk dəfə nəzarət tədbirinin keçirilməsinə başlanılıb. Hesabat dövründə uyğunluq auditinin payı ümumi portfeldə üstünlük təşkil edib.
2025-ci ilin ilk 6 ayı ərzində 3 səmərəlilik auditinin keçirilməsi ilə bağlı kollegiya qərarı qəbul edilib. Səmərəlilik auditləri təhsil sisteminin informasiyalaşdırılması fəaliyyətinin, bitkiçilik sahəsində dövlət dəstəyinin (subsidiya və güzəştlərin timsalında) səmərəliliyinin və nəticəliliyinin, ali təhsil müəssisəsinin fəaliyyətinin qiymətləndirilməsi mövzularını əhatə edir.