RƏSMİ

18 İyul

Prezident İlham Əliyev Ağdamın Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib

Finss.az - İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonunun Qiyaslı kəndində yerləşən tarixi Qiyaslı məscidinin bərpadan sonra rəsmi açılış mərasimində iştirak edib.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına məscidin bərpası istiqamətində görülmüş işlər barədə geniş məlumat verib. Qeyd olunub ki, 2021-ci ilin mayında Prezident İlham Əliyev Ağdama səfəri zamanı Qiyaslı məscidini ziyarət etmişdir. Məscid, Ermənistan silahlı qüvvələrinin işğalı dövründə mal-qara tövləsi kimi istifadə olunaraq ciddi dağıntılara məruz qalmışdı. Dam örtüyü və günbəzlər tamamilə məhv edilmişdi.

Ağdamın işğaldan azad olunmasından sonra, 2022-ci ildən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb. Layihə əsasında məscidin ilkin görkəmi qorunub, arxiv və video materiallar əsasında orijinal memarlıq elementləri bərpa edilib. Burma pilləkən, qoşa minarələr və daş tağlar yenidən tikilərək interyer və eksteryer tam şəkildə yenilənib. Mehrab bərpa olunub, divarların suvaq və daşları təmir edilərək ilkin vəziyyətinə gətirilib.

Qiyaslı məscidi 2001-ci ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri siyahısına daxil edilib.