Finss.az - Bu gün Milli Məclisin plenar iclasında “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Qanun layihəsinə əsasən, ədliyyə orqanları üçün xüsusi xəzinə hesabı yaradılacaq. Bu hesaba icra sənədlərinin məcburi icrası zamanı borclunun hesabından tutulan icra ödənişləri, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin qaytarılması, cərimə və islah işləri növlərində cəzaların 43 faizi, həmçinin məhkəmə ekspertizası xidmətləri üçün ödənilən haqq daxil ediləcək.
Toplanmış vəsait aşağıdakı məqsədlər üçün istifadə olunacaq: ədliyyə əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, aylıq vəzifə maaşlarına əlavələrin verilməsi, əlavə təhsil və maddi-texniki bazanın möhkəmləndirilməsi, müharibə veteranları və şəhid ailələrinin dəstəklənməsi, elmi-texniki potensialın artırılması və innovativ həllərin tətbiqi.
Vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.