Finss.az - Azərbaycanda bölgələr üzrə lisey və gimnaziyaların sayının artırılması planlaşdırılır.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimində bildirib.
Nazir qeyd edib ki, hazırda ölkə üzrə fəaliyyət göstərən lisey və gimnaziyaların sayı 30-dan çoxdur. Lakin bəzi regionlarda tarixən belə təhsil müəssisələrinin olmaması bu istiqamətdə yeniliklərə ehtiyac yaradıb:
“Bizim bəzi bölgələrimiz var ki, orada tarix boyu lisey olmayıb. Hazırda əsas hədəfimiz məhz həmin regionlarda bu tip məktəblərin yaradılmasıdır”, – deyə Əmrullayev vurğulayıb.
Nazir, həmçinin vurğulayıb ki, təmayüllü lisey modelləri – xüsusilə fizika, riyaziyyat, informatika, kimya və biologiya sahəsində – təhsildə özünü doğruldub. Onun sözlərinə görə, Sumqayıt və Mingəçevirdə fəaliyyət göstərən xüsusi təmayüllü məktəblər istedadlı şagirdlərlə işləmək üzrə ixtisaslaşıb:
“Bu məktəblərdə tədris məzmununu daha da dərinləşdirməliyik. İstedadlı uşaqları yalnız ali məktəblərə qəbul imtahanlarının çərçivəsində məhdudlaşdırmaq doğru deyil. Onların potensialı daha geniş elmi təhsilə imkan verir”.
Yeni liseylərin yaradılması, xüsusən regionlarda təhsil imkanlarının bərabərliyinin təmin olunması və istedadların üzə çıxarılması baxımından mühüm addım hesab olunur.