RƏSMİ

23 İyun

Yaşayış minimumu və istehlak səbəti ilə bağlı yeni dəyişikliklər

Finss.az - Milli Məclis “Yaşayış minimumu haqqında” Qanuna dəyişiklikləri qəbul edib.

Yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə olan şəxslər üçün də qida normaları təsdiq ediləcək. Hazırkı qanunvericilikdə bu normalar sosial sahə müəssisələri üçün nəzərdə tutulmadığından, həmin şəxslər bu imkandan tam istifadə edə bilmirdi.

Milli Məclisin deputatlarının açıqlamasına görə, bu dəyişikliklər sosial xidmət alan şəxslərin hüquqlarının və rifahının daha dolğun təmin olunmasına xidmət edir. Qanunvericilikdəki boşluğun aradan qaldırılması ilə həmin sahədə institusional dəstəyin genişlənməsi hədəflənir.

Eyni zamanda, gözlənilir ki, sonuncu dəfə 11 il əvvəl təsdiqlənmiş minimum istehlak səbətinin yeni tərkibi bu il yenidən müəyyənləşdirilərək təsdiq ediləcək. Bu dəyişiklik “Yaşayış minimumu haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən həyata keçiriləcək.

Yeni istehlak səbətinin formalaşdırılması son illərdə yaranmış əlavə xərclərin nəzərə alınmasını təmin etməklə, yaşayış minimumunun hazırda müəyyən olunmuş 285 manatlıq səviyyəsinin növbəti dövrlərdə artırılması üçün zəmin yaradacaq. Bu artım ehtiyac meyarının və nəticə etibarilə sosial yardım məbləğinin də yüksəlməsinə səbəb olacaq.