Finss.az - 2024-cü ildə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası üçün 6 milyard 390,6 milyon manat məbləğində vəsait yönəldilib.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da əksini tapıb.
Qeyd edilib ki, strategiyada müəyyən olunmuş beş milli prioritetə uyğun olaraq istifadə olunmuş vəsaitin 5345,7 milyon manatı və ya 83,6 faizi “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” milli prioriteti üzrə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərclərinə, 516,3 milyon manatı və ya 8,1 faizi “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” milli prioriteti, 356,8 milyon manatı və ya 5,6 faizi “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” milli prioriteti, 171,7 milyon manatı və ya 2,7 faizi “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” milli prioriteti, 71,5 min manatı “Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” milli prioriteti üzrə nəzərdə tutulmuş tədbirlərin maliyyə təminatına yönəldilmişdir.