RƏSMİ

28 May

Vüqar Gülməmmədov büdcədə cari və əsaslı xərclərin düzgün ayrılmasının vacibliyini vurğulayıb

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov cari və əsaslı xərclərin düzgün təsnifatı barədə fikir bildirib.

O qeyd edib ki, təqdim olunan hesabatda icra edilmiş dövlət büdcəsində cari xərclər 21,3 milyard manat, əsaslı xərclər 15,1 milyard manat, dövlət borcuna və öhdəliklərinə xidmət xərcləri isə 1,3 milyard manat göstərilib. Lakin aparılan hesablamalar bu bölgünün tam doğru olmadığını üzə çıxarıb:

“Xarici kreditlər üzrə layihələrdə pay iştirakının məbləği “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq əsaslı xərc kimi qəbul edilməməlidir, lakin hesabatda əsaslı xərclər sırasında göstərilib. Eyni zamanda, Məqsədli Büdcə Fondunun xərci kimi əks olunan məbləğin bir hissəsi cari xərclərə aiddir. Bundan başqa, Ehtiyat Fondundan bir layihəyə ayrılan vəsait də mahiyyət etibarı ilə cari xaric olsa da, əsaslı xərclər kimi təsnifləşdirilib. Cari xərclər kimi qeyd edilən bəzi istiqamətlərdə isə əsaslı xərclər aparılıb. Təklif edirik ki, makrofiskal diaqnostikada, xüsusilə cari xərclərin qeyri-neft gəlirləri hesabına örtülməsi göstəricisinin hesablanmasında xərc komponentlərinin dəqiqləşdirilməsinə üstünlük verilsin. Bu, həm də göstəricilərin düzgün hesablanmasına xidmət edər”.

Dövlət proqramlarına ayrılan vəsaitin bir hissəsi icra edilməyib

Vüqar Gülməmmədov həmçinin dövlət proqramları və məqsədli tədbirlər üzrə ayrılmış vəsaitlərin bir hissəsinin ya istifadə olunmadığını, ya da bank hesablarında qaldığını qeyd edib. Bu isə illik hesabatdakı göstəricilərə təsir göstərib.

Belə ki, üç dövlət proqramı üçün büdcədə vəsait nəzərdə tutulsa da, həmin vəsaitin icrası baş tutmayıb. Müddəti başa çatan iki proqrama 10 milyon manat və 2,8 milyon manat vəsait ayrılıb.

Debitor borcun məbləği 5,9 milyard manata çatıb

Hesabatda göstərilir ki, hesabat ilinin sonuna dövlət büdcəsi xərcləri üzrə yaranan debitor borclar (qabaqcadan ödənişlər) 5,991 milyard manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 35% çoxdur.

2024-cü ilin sonunda mövcud debitor borcun məbləği həmin ilin icra edilmiş büdcə xərclərinin 15,9%-i, aidiyyəti xərclərin isə 23,7%-ni təşkil edib. Hər iki göstərici üzrə artım əvvəlki illə müqayisədə müvafiq olaraq 3,7 və 7,1 faiz bəndi olub.

Vüqar Gülməmmədov bildirib: “Debitor borcların icra edilmiş xərclərə nisbəti hesabatlarda şərti xarakter daşıyır, çünki burada əvvəlki illərdən qalan və bağlanmamış borclar da yer alır. İl sonuna debitor borcların artımı icra edilmiş xərclərin artımını (3,4%) 31,6 faiz bəndi üstələyərək 35% təşkil edib”.