Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Naxçıvan Muxtar Respublikasında investisiyaların icra vəziyyəti barədə məlumat verib.
O bildirib ki, “2024-cü ilin əvvəlində dövlət əsaslı vəsait qoyuluşu xərclərində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ümumi adla qeyd olunmuş 2 istiqamət üzrə 249,1 milyon manat tutulub”. Vüqar Gülməmmədov əlavə edib: “Dövlət büdcəsinə yenidən baxılma zamanı 2 layihə üzrə nəzərdə tutulmuş vəsait 42 layihəyə, hesabat ilinin sonuna isə 52 layihəyə bölüşdürülməklə ümumi nəzərdə tutulmuş vəsait 83,3% azaldılaraq 41,7 milyon manata endirilib. İcra isə 13,6 milyon manat olub. Yerinə yetirilmiş işlərin dəyəri isə cəmi 8,8 milyon manat təşkil edib”.
Beləliklə, Naxçıvan Muxtar Respublikasında investisiyaların icra səviyyəsinin planlanandan xeyli aşağı olduğu qeyd olunub.