Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünənki iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olunub. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov iclasda büdcə qaydasının icrası ilə bağlı təhlillərin nəticələrini təqdim edib.
O bildirib ki, “apardığımız təhlillər büdcə qaydasının hər 2 göstəricisinin müəyyən edilmiş hədəflər çərçivəsində olduğunu göstərir”. Vüqar Gülməmmədov əlavə edib ki, icmal büdcə xərclərinin proqnozdan az olması, icmal büdcənin qeyri-neft gəlirlərinin çox olması, ümumdaxili məhsulun (ÜDM) proqnozdan yüksək olması və dövlət borcunun nəzərdə tutulan səviyyədən aşağı olması büdcə qaydasının icrasına müsbət təsir göstərib.
2024-cü ildə dövlət büdcəsinin xərcləri 37,7 milyard manat həcmində icra edilib ki, bu, 2023-cü ilin göstəricisindən 3,4% çox, proqnozdan isə 5,1% azdır. Vüqar Gülməmmədov qeyd edib ki, “təsdiq olunmuş büdcə ayırmaları həddində edilmiş dəyişikliklərin həcmi əvvəlki illə müqayisədə azalıb”. O əlavə edib: “Hesab edirik ki, qanunvericilikdə təsbit edilmiş müvafiq dəyişikliklərə imkan verən maddələrə ötən illə müqayisədə daha az müraciət edilməsi hesabat ilində dövlət büdcəsinin icra faizinə təsir edib”.
Hesablama Palatasının sədri həmçinin bildirib ki, hesabat ilində dövlət büdcəsinin xərclərinin 7,4%-i, yəni 2,79 milyard manatı digər büdcələrə transfert və ayırmalara yönəldilib. Bu göstərici 2023-cü illə müqayisədə 260,7 milyon manat (8,5%), proqnozla müqayisədə isə 151,6 milyon manat (5,1%) azalıb. Transfertlərin azalmasında xüsusilə Dövlət Sosial Müdafiə Fonduna və Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrılan vəsaitlərin azalması əsas rol oynayıb.
Vüqar Gülməmmədov həmçinin 2024-cü ilin dövlət büdcəsinin gəlirləri ilə bağlı məlumat verib: “Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən qurumların təqdim etdiyi hesabatlar əsasında 2024-cü ildə 36 milyard manat təhlillə əhatə edilib. Bu, dövlət büdcəsinin ümumi gəlirlərinin (37,2 milyard manat) 96,7%-nə bərabərdir”. O vurğulayıb ki, bu göstəricilər hesabatda əks olunmuş rəqəmlərlə uyğunluq təşkil edir.
Hesablama Palatası 2024-cü ilin büdcə icrasına dair rəy hazırlayarkən 173 qurum üzrə 32,1 milyard manatlıq vəsaitin icrasını təsdiqləyən sənədləri yoxlayıb. Bu isə icra edilmiş dövlət büdcəsi xərclərinin 85,2%-ni təşkil edir.