RƏSMİ

28 May

Ötən il büdcə kəsirinin maliyyələşmə mənbələri məlum olub

Finss.az - 2024-cü il dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi həmin il üçün qəbul olunmuş borclanma proqramına uyğun olaraq cəlb edilmiş vəsait, dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar, məqsədli büdcə fondlarının və vahid xəzinə hesabının sərbəst qalığı hesabına həyata keçirilib.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da əksini tapıb.

Qeyd edilib ki, 2024-cü il dövlət büdcəsi kəsirinin yuxarı həddi 3354,3 milyon manat məbləğində təsdiq olunsa da faktiki kəsir 551,8 milyon manat təşkil etməklə proqnoza nisbətən 2802,5 milyon manat və ya 83,5 faiz az olub. Dövlət büdcəsinin kəsiri 2024-cü ilin faktiki ÜDM-in 0,4 faizini təşkil etmişdir ki, bu da proqnozlaşdırılmış həddən 2,4 faiz-bənd azdır.

Kəsirin proqnoza qarşı əhəmiyyətli dərəcədə daralması ilk növbədə fiskal orqanlar tərəfindən dövlət büdcəsinin gəlirləri üzrə daxilolmaların artıqlaması ilə təmin edilməsi və dövlət büdcəsi xərclərinin 2028,7 milyon manatlıq hissəsinin (5,1 faiz) qənaət edilməsi hesabına olub.