Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcundan 14 dəfə çoxdur.
Finss.az xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünənki iclasında məlumat verib. İclasda "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə olunub.
Nazir qeyd edib ki, 2024-cü il dövlət büdcəsinin xərcləri gözləniləndən daha yaxşı şəkildə icra olunub. Onun sözlərinə görə, buna qlobal və regional proseslər fonunda Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət təkan verib:
"Milli valyutanın sabitliyi qorunub. İqtisadiyyatın diversifikasiyasının sürətlənməsi nəticəsində ötən il qeyri-neft sektorunda artım müşahidə edilib. Cari ilin əvvəlində ölkənin valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyib. Bizim makroiqtisadi göstəricilərimizə nəzər saldıqda həm sabitlik, həm ehtiyatlarımızın artması təmin edilib, eyni zamanda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması həyata keçirilib, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün alışlarla paralel ölkədə fiskal nizam qorunub".