Finss.az - Dövlət satınalmaları 2024-cü ildə rekord səviyyəyə çatıb, bir mənbədən alışlar 2 dəfə artıb.
Bu barədə məlumat Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata” verdiyi rəydə əks olunub.
Satınalma həcmi 45% artıb
Qeyd edilib ki, 2024-cü ildə “Dövlət satınalmaları haqqında” yeni qanunun tətbiqi ilə satınalmalara cəlb edilən vəsait və müqavilələrin sayı ciddi şəkildə artıb. Ötən il 19 602 sayda satınalmanın ümumi dəyəri 9,8 milyard manat olub. Başqa sözlə, bir satınalmanın orta dəyəri 500 min manat təşkil edib. Müqayisə üçün 2023-cü ildə ümumi satınalmalara ayrılan vəsait 7,5 milyard manat olub. Satınalma sayı isə bir ildə bu 57% artıb.
Bir mənbədən alışlarda təhlükəli artım
Bir mənbədən satınalmaların sayı da 2023-cü illə müqayisədə 2 dəfə artaraq 9781-ə, məbləği isə 5,4 milyard manata çatıb. Bu, ümumi satınalmaların yarıdan çoxunu (təxminən 55%) təşkil edib.
Bildirilib ki, rəqabətli satınalmaların çəkisi azalıb. Belə ki, müsabiqə əsasında keçirilən (rəqabətli) satınalmaların həcmi 2022-ci ildəki həcmi 4,5 milyard manatdan 2023-cü ildə 4,7 milyard manata yüksəlsə də, 2024-cü ildə yenidən 4,5 milyard manata enib.
Müsabiqə əsasında keçirilən satınalmalarda say artımı olsa da, məbləğ baxımından bu növ satınalmaların payı azalıb. Hesablama Palatası bu halı rəqabət prinsipinin zəifləməsi və şəffaflığın risk altında olması kimi qiymətləndirir.