Finss.az — Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (fərdi sahibkarlar) müflis elan olunduğu və iflas prosesi başa çatdığı gündən etibarən 15 gün ərzində bu barədə vergi orqanına məlumat verməlidirlər.
Bu barədə dəyişikliklər Vergi Məcəlləsinə və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna təklif olunur. Sənəd bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb.
İclasda bildirilib ki, qanun layihəsi Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Biznesin müflisləşməsi” indikatoru üzrə təkmilləşdirmələr və kommunikasiya işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə hazırlanıb. Layihə iflas proseduruna başlamış şirkətlər və fərdi sahibkarların məlumatlarının müvafiq reyestrlərdə qeydiyyatının aparılmasını nəzərdə tutur.
Qanun layihəsində həmçinin hüquqi şəxsin iflas prosesində olması faktının dövlət qeydiyyatına alınması, bununla bağlı qeydiyyat orqanına 15 gündən gec olmayaraq ərizə ilə müraciət edilməsi də yer alır. Bankların müflisləşmə və iflas prosesləri zamanı “Banklar haqqında” qanunun tələbləri nəzərə alınacaq.
Qanun qəbul edildiyi halda, iflas prosesində olan fərdi sahibkarlar və hüquqi şəxslərlə bağlı məlumatların vergi ödəyicilərinin uçotu reyestrində və hüquqi şəxslərin dövlət reyestrində uçotu təmin ediləcək. Bu da iflas proseduruna məruz qalmış subyektlərin və onların borclularının hüquqlarının daha etibarlı qorunmasına şərait yaradacaq.
Eyni zamanda, vergi ödəyicilərinin yaşayış və ya qeydiyyat ünvanı, eləcə də digər uçot məlumatlarında dəyişiklik baş verdikdə, bu barədə məlumat vermək müddəti də 40 gündən 15 günə endirilir. Hüquqi şəxslərin təsis sənədlərində edilən dəyişikliklər də 40 gün yerinə 15 gün ərzində qeydiyyat orqanına bildirilməlidir.
Müddətlərin qısaldılması vergi və dövlət qeydiyyatı məlumatlarının daha operativ yenilənməsinə, şəffaflığın və idarəetmənin təkmilləşməsinə xidmət edəcək.