RƏSMİ

20 May

İnzibati cərimələrdə vaxtında ödəməyə 10% güzəşt

Finss.az - Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, bütün inzibati xətalara görə inzibati cərimə növündə verilən inzibati tənbeh barədə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qüvvəyə mindiyi gündən 10 gün ərzində cərimə ödənildikdə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma veriləcək.

Qanunda mövcud olan 150.11-ci və 150.14-cü maddələrə uyğun olaraq, yol hərəkəti qaydaları, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik sahəsində törədilən inzibati xətalara görə cərimələrin 5 iş günü müddətində ödənilməsi halında 10% güzəşt tətbiq olunur.

Yeni təklif edilən 150.1-1-ci maddə isə bütün inzibati xətalar üzrə cərimələrin vaxtında, yəni qərarın qüvvəyə mindiyi gündən 10 gün ərzində icra edilməsini təşviq etmək məqsədini daşıyır.

Bu dəyişikliklərin məqsədi cərimələrin vaxtında ödənilməsini təmin etmək və gecikmələrin qarşısını almaqdır.