Finss.az - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Londonda keçirilən İllik Toplantısı çərçivəsində EBRD-nin Müdirlər Şurasının açılış sessiyasında iştirak edib.
Nazir bu barədə "X" sosial şəbəkəsindəki paylaşımında məlumat verib. Onun sözlərinə görə, sessiyada qlobal çağırışlar fonunda iqtisadi resursların daha səmərəli istifadəsi, iqlim dəyişikliyi ilə mübarizəni dəstəkləyən infrastrukturun qurulması, rəqəmsal transformasiya və müasir biznes həllərinə investisiyalar kimi aktual mövzular müzakirə olunub.
"İqtisadi inkişaf və sosial rifah baxımından sənaye siyasətinin düzgün qurulması və qabaqcıl təcrübələrin öyrənilməsi tədbirin əsas vurğuları arasında idi", – Mikayıl Cabbarov qeyd edib.
Qeyd edək ki, EBRD-nin builki toplantısı 13–15 may tarixlərində Böyük Britaniyanın paytaxtı Londonda keçirilir. Növbəti İllik Toplantının 2026-cı il 5–7 iyun tarixlərində Latviyanın paytaxtı Riqada keçirilməsi planlaşdırılır.