RƏSMİ

05 May

Pərviz Şahbazov: Türkiyəyə qaz ixracı artırılır

Finss.az - Türkiyənin İstanbul şəhərində keçirilən Təbii Sərvətlər Zirvəsi çərçivəsində “Təchizatın təminatında dəyişən dinamikalar: çətinliklər və imkanlar” mövzusunda nazirlər sessiyası baş tutub.

Sessiyada çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov, ölkəmizin neft və təbii qaz təchizatçısı kimi strateji əhəmiyyətinin müasir geosiyasi reallıqlarda da davam etdiyini vurğulayıb. Nazir qeyd edib ki, Türkiyə ilə birgə həyata keçirilən enerji layihələri bu əməkdaşlığı daha da dərinləşdirir. Cari ildə qardaş ölkəyə təxminən 10 milyard kubmetr qazın tədarükü planlaşdırılır.

Nazir Türkiyənin Azərbaycan üçün sadəcə istehlakçı deyil, eyni zamanda vacib tranzit ölkəsi olduğunu bildirərək, bu marşrutla enerji resurslarımızın Avropaya nəql edildiyini diqqətə çatdırıb.

Pərviz Şahbazov çıxışında karbohidrogenlərə qarşı yürüdülən siyasətin qlobal qaz sektoruna investisiya axınını zəiflətdiyini, bu səbəbdən də enerji infrastrukturlarında çatışmazlıqların yarandığını qeyd edib. O bildirib:
“Enerji mənbələrinə siyasi və ideoloji yanaşmaq əvəzinə, real strategiyalara fokuslanmalıyıq. Artan əhali və tələbat fonunda enerjini israf etmək lüksümüz yoxdur. Hazırda mövcud olan bütün enerji növlərinin inkişafını prioritet kimi müəyyənləşdirmişik.”

Nazir əlavə edib ki, Avropaya qaz ixracını genişləndirmək üçün uzunmüddətli müqavilə mexanizmləri dəstəklənməlidir. Əks halda, qaz hasilatına yatırılan sərmayələr təhlükə altında qala bilər.

“Yaşıl enerji” interkonnektorlarına toxunan nazir, Azərbaycanın bu sahədə Türkiyə, Gürcüstan, Rumıniya, Bolqarıstan və Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. O qeyd edib ki, gələcəyin enerji layihələri yalnız regionları birləşdirməyəcək, həm də enerji və iqlim təhlükəsizliyinə töhfə verəcək.

Sessiya Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın moderatorluğu ilə keçirilib. Tədbirdə İraq, Misir, Liviya, Bolqarıstan, Rumıniya və Moldova nazirləri də iştirak ediblər.