RƏSMİ

02 May

230-dan çox toksiki maddənin idxalı qadağan edilib

Finss.az - Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində toksiki maddələrin qadağa siyahısını hazırlayıb.

Bu barədə məlumatı AQTA-nın sədr müavini Balarəhim Quliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda verib.

Quliyev bildirib ki, siyahı Nazirlər Kabinetinin qərarı ilə qüvvəyə minib və artıq 230-dan çox kimyəvi-toksiki maddənin ölkəyə idxalı və istifadəsi qadağan edilib. O, həmçinin qeyd edib ki, bu tədbir ətraf mühitin qorunması və insanların sağlamlığının təmin edilməsi məqsədini güdür.

"Müxtəlif dövlət qurumlarının iştirakı ilə Azərbaycan ərazisində Sovet dövründən qalmış pestisidlərin 14 məntəqədə qəbirstanlığını aşkar etmişik. Hazırda bu sahədə işlər davam edir. Artıq 2 məntəqədə - Ağstafa və Beyləqan rayonlarında çirklənməni aradan qaldırmışıq", - deyə Balarəhim Quliyev əlavə edib.

Bu addımlar, ölkənin qida təhlükəsizliyi sahəsində həyata keçirilən mühüm təşəbbüslərdən biri olaraq, həm də ətraf mühitin qorunmasına və kənd təsərrüfatının davamlı inkişafına mühüm töhfə verir.