RƏSMİ

18 Aprel

Xankəndi, Xocalı və Ağdərəyə 30 milyon manat investisiya qoyulub

Azərbaycan torpaqlarında işğalçılıq siyasəti həyata keçirən ermənilər Xankəndi şəhəri və ətraf yaşayış məntəqələrində xalqımıza məxsus mədəni, dini və tarixi abidələri, qəbiristanlıqları məqsədli şəkildə məhv ediblər. Lakin onlardan fərqli olaraq, bu gün Azərbaycan dövləti tərəfindən Xankəndidə yerləşən erməni qəbiristanlıqları və kilsələr qorunur və saxlanılır. Şəhərdə yaşayan erməni sakinlər hazırda burada rahat və təhlükəsiz şəraitdə həyatlarını davam etdirirlər.

Finss.az xəbər verir ki, bu fikirləri Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpus nümayəndələri ilə keçirilən görüşdə səsləndirib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti və bərpa işləri aparılır. Yeni avtomobil və dəmir yolları, hava nəqliyyatı infrastrukturu qurulur. Yaşayış məntəqələri elektrik enerjisi, içməli su və təbii qazla təmin olunur, geniş yaşıllıq zolaqları salınır.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə fəaliyyət göstərən Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin məlumatına əsasən, bu ərazilərdə sahibkarlar üçün əlverişli biznes mühiti formalaşmaqdadır. Hazırda 439 sahibkarlıq subyekti tərəfindən ümumilikdə 30 milyon manat investisiya yatırılıb və özəl sektor üzrə 1 900 nəfər işlə təmin olunub. İlin sonuna qədər bu rəqəmin 3 000 nəfəri keçməsi planlaşdırılır.

Əhalinin məşğulluğu təmin olunur, yeni iş yerləri yaradılır. Qayıdış üçün ərazilərdə təhsil ocaqları, tibb məntəqələri və digər vacib infrastruktur qurulur. “Böyük Qayıdış” proqramı çərçivəsində geri dönən sakinlər bu xidmətlərdən yararlanır. Ərazilər minalardan təmizlənir və bu işlərə xarici mütəxəssislər də cəlb edilir. Təmizlənmiş sahələrdə tikinti-bərpa işləri plana uyğun şəkildə icra edilir. Hazırda Xankəndi şəhərinin baş planı hazırlanır.

Ümumilikdə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarının ərazisində yerləşən 7 yaşayış məntəqəsində 12 min nəfərə yaxın insanın daimi məskunlaşması təmin olunub. Xocalının Ballıca kəndinə 136 ailə (660 sakin), Ağdərənin Həsənriz kəndinə 70 ailə (238 nəfər), Suqovuşan kəndinə 180 ailə (592 nəfər), Talış kəndinə isə 20 ailə (90 nəfər) köçürülüb.

Bu ilin sonuna qədər əhalinin qayıdışı nəzərdə tutulmuş 24 tarixi Azərbaycan kəndindən 16-sında tikinti-bərpa işləri davam etdirilir. Qalan 8 yaşayış məntəqəsində isə layihələndirmə və hazırlıq işləri aparılır.

Fuad Mədətov
Finss.az