RƏSMİ

28 Fevral

"Dövlət satınalmaları haqqında" qanunda dəyişiklik müzakirəyə çıxarılıb

Finss.az - Bu gün Milli Məclisin iclasında "Dövlət satınalmaları haqqında" qanunun pozulmasına görə cəzaların sərtləşdirilməsi ilə bağlı təklif olunan dəyişiklik müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, satınalan təşkilatın vəzifəli şəxsi tərəfindən satınalma prosedurlarına riayət edilmədən və ya nəzarət orqanının razılığı olmadan müqavilə bağlanılması, xeyli miqdarda ziyan vurduqda ciddi cəzalar nəzərdə tutulur. Belə əməllər cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə ilə, eləcə də üç ilədək müəyyən vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Yeni qanun layihəsində ərzaq məhsullarının, xüsusilə dövlət ehtiyatları üçün alınan ərzaq məhsullarının, müdafiə və dövlət təhlükəsizlik ehtiyacları ilə bağlı satınalmaların icra orqanı tərəfindən müəyyən edilmiş prosedurlar olmadan həyata keçirilməsi ilə bağlı da cəza tədbirləri müzakirə edilib. Əgər bu cür əməllər külli miqdarda ziyan vurarsa, cəzalar daha da sərtləşir və cərimələr üç misli miqdarda tətbiq edilir.

Bundan əlavə, dövlət satınalmaları haqqında qanunun pozulmasına görə inzibati məsuliyyət də dəyişdirilib. Yeni qanun layihələri səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Səsvermədən sonra qanun layihəsinin qüvvəyə minməsi gözlənilir, bununla da dövlət satınalmaları sahəsində qanun pozuntularına qarşı mübarizənin daha da gücləndirilməsi nəzərdə tutulur.