Prezident İlham Əliyev “Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb.
Mülki aviasiyada idarəetmə, tənzimləmə, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, bu sahədə həyata keçirilən fəaliyyətin optimallaşdırılması və dövlət nəzarətinin səmərəliliyinin artırılması məqsədilə qərara alınıb ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxs yaradılsın.
Fərmanla “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilib.
Müəyyən edilib ki, nazirliyin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxs Azərbaycan Respublikasının ərazisində mülki aviasiya sahəsində dövlət siyasətinin formalaşdırılmasında, həyata keçirilməsində və inkişafında iştirak edən, uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi üçün tənzimləmənin və nəzarətin (keyfiyyətə nəzarət də daxil olmaqla), habelə mülki aviasiyada dövlət nəzarəti çərçivəsində təhlükəsizliyin təmini ilə bağlı xidmətlər göstərilməsi sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.