Yanvarın 23-də Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Finss.az xəbər verir ki, dövlətimizin başçısı Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana dərin hüznlə başsağlığı verib.
O, bu dəhşətli faciədə həlak olanlara Uca Allahdan rəhmət diləyib və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.
Prezident İlham Əliyev yanvarın 21-də faciə ilə əlaqədar Türkiyə Respublikasının Prezidentinə başsağlığı məktubu göndərdiyini də qeyd edib.
Türkiyə Prezidenti diqqətə və başsağlığına görə minnətdarlığını bildirdi və qeyd etdi ki, Türkiyə və Azərbaycan daim bir-birilərinin yanındadırlar, bundan sonra da həmişə belə olacaqdır.
Telefon danışığı əsnasında dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif sahələrinə dair fikir mübadiləsi apardılar.
* * *
Azərbaycanda milli mətbuatın 150 illiyi ilə bağlı yubiley medalının təsis edilməsi ilə bağlı Milli Məclisə qanun layihəsi daxil olub.
Finss.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisdə daxil olub.
Belə ki, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yanvarın 24-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
* * *
Azad edilən ərazilərdə “Böyük Qayıdış”la bağlı insan hüquqları, postmüharibə dövründə birgəyaşayış istiqamətində qanunverici məsələləri araşdıran komissiya yaradılacaq.
Finss.az xəbər verir ki, bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyası üçün İş Planına daxil edilib.
Belə ki, komissiyada beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatlarının iştirakı nəzərdə tutulur.