Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə görüşüb.
Finss.az xəbər verir ki, Edqars Rinkeviçs dövlətimizin başçısı ilə bundan əvvəlki görüşlərini məmnunluqla xatırladı.
Latviya Prezidenti bugünkü görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.
Edqars Rinkeviçs təyyarə qəzasında həlak olanlarla bağlı Azərbaycan Prezidentinə başsağlığı verdi.
Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev də öz növbəsində bugünkü görüşün əməkdaşlığımızın perspektivlərinin müzakirəsi baxımından önəmini vurğuladı.
* * *
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti Donald Trampa məktub göndərib.
Finss.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Amerika xalqının rifahı naminə qarşıdakı məsul ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Əminəm ki, Sizin gələcək fəaliyyətiniz dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacaqdır.
Azərbaycan ilə Birləşmiş Ştatlar özlərinin milli təhlükəsizlik maraqları əsasında qlobal çağırışlar və təhdidlərə, beynəlxalq terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə daim sıx əməkdaşlıq ediblər.
ABŞ-nin müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən, enerji sahəsində xoş ənənələrə əsaslan və möhkəm təməllər üzərində qurulmuş əməkdaşlığımızı yüksək qiymətləndirir, ölkəmizin enerji siyasətinə Sizin verdiyiniz daimi dəstəyinizi xüsusi vurğulamaq istərdim.
Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik.
İnanıram ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir.
Bir daha Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Amerika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
* * *
Bu gün (21 yanvar) Tehranda İran və Azərbaycanın Birgə İqtisadi Komissiyasının 16-cı iclası start başlayıb.
Finss.az-ın məlumatına görə, bunu İranın Yol və Şəhərsalma Nazirliyinin beynəlxalq məsələlər üzrə idarəsinin direktoru Əmin Tərəffo yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, 3 ildən sonra yenidən keçirilən iclasın ilk günündə mütəxəssislər və ekspertlər iki ölkə arasında iqtisadiyyat, ticarət, mədəniyyət, nəqliyyat, turizm, elektrik, enerji və digər iqtisadi sahələri araşdıracaq və fikir mübadiləsi aparacaqlar.
Tərəffo bildirib ki, 22 yanvarda İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin iştirakı ilə ekspertlərin iclasının yekunu olaraq anlaşma memorandumu imzalayacaqlar. Bu iclasın iki ölkənin münasibətlərinin inkişafı üçün çoxlu nəticələr əldə olunacağına ümid edilir.
Nazirlik rəsmisi qeyd edib ki, iclasda İran və Azərbaycan arasında nəqliyyat sahəsində ən önəmli layihələrdən biri olaraq Azərbaycanı İran vasitəsi ilə Naxçıvana quru yol və dəmiryolu ilə birləşdirən “Araz Dəhlizi”nin təkmilləşdirilməsi ilə bağlı tikinti işləri, yeni sərhəd terminalları və körpülərin istifadəyə verilməsi müzakirə olunacaq.
Tərəffo qeyd edib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində İran və Azərbaycanın müştərək sərhədləri yükdaşıma istiqamətində region ölkələri üçün əhəmiyyət kəsb edir. Ümid olunur ki, bu iclasda iki ölkənin əməkdaşlığı istiqamətində ehtimal olunan maneələr aradan qaldırılacaq və iki ölkənin nəqliyyat sahəsində münasibətlərinin inkişafı üçün lazımi tədbirlər görüləcək.
* * *
Azərbaycan Davos İqtisadi Forumu çərçivəsində "Liderlər Dairəsi: Enerji Keçidinin Maliyyələşdirilməsi - Yeni Üfüq" sessiyasında iştirak edib.
Finss.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında qeyd edib.
“Biz "Liderlər Dairəsi: Enerji Keçidinin Maliyyələşdirilməsi - Yeni Üfüq" sessiyasında iştirak etdik. Uğurlu enerji transformasiyası üçün mövcud imkanlar və əsas çağırışlar, enerji keçidinin maliyyələşdirilməsi barədə müzakirələr apardıq. Azərbaycanın dünyanın enerji təhlükəsizliyində və davamlı enerji təminatında etibarlı tərəfdaş olaraq fəal təşəbbüsləri, ədalətli yanaşma və "yaşıl enerji" keçidi strategiyası, həmçinin ölkəmizin ev sahibi olduğu COP29-da əldə edilən nəticələr barədə fikirlərimizi bölüşdük”, - paylaşımda qeyd olunub.
* * *
Qırğızıstan miqrasiya sahəsində əməkdaşlıq haqqında Azərbaycanla bağlanmış sazişi təsdiqləyib.
Finss.az xəbər verir ki, bu haqda Qırğızıstanın dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Qırğızıstanın prezidenti Sadır Japarov Azərbaycanla miqrasiya sahəsində əməkdaşlıq haqqında sazişin ratifikasiyası ilə əlaqədar ölkə qanunvericiliyinə dəyişikliyin edilməsi haqda qanunu imzalayıb.
Sözügedən sənəd 24 aprel 2024-cü ildə Bakıda Qırğızıstan nazirlər kabineti və Azərbaycan hökuməti arasında bağlanıb. Qanunu Qırğızıstan parlamenti 11 dekabr 2024-cü ildə təsdiqləyib.
Saziş ölkələr arasında miqrasiya, bir ölkənin vətəndaşlarının digər ölkə ərazisində hüquqlarının qorunması istiqamətlərində fəal əməkdaşlığı, həmçinin tərəflərin milli qanunvericilikləri və beynəlxalq öhdəlikləri çərçivəsində informasiya və təcrübə mübadiləsini nəzərdə tutur.